Bu gün saat 18 radələrində Şəkinin Alaqapı ərazisində baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu rayon hüquq-muhafizə orqanlarına istinadən bildirir ki, “Reno Loga” markalı 99-VG-782 dövlət nömrə nişanlı minik avtomobilini sürən rayon sakini 45 yaşlı Nazim Umarov idarəetməni itirərək yoldan çıxıb və iri gövdəli ağaca vurub.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə minik avtomobili ağaca çırpıldı - 1 ölü, 2 yaralı var
Nəticədə avtomobildə olan rayonun Suçma kənd sakinləri 30 yaşlı Azər Murtuzov və 4 yaşlı Sədəf Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində keçiniblər.
Qəza zamanı avtomobildə sıxılı qalanların çıxarılması üçün Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Xilasedicilərin səyi nəticəsində avtomobilin sürücüsü Nazim Unarov və daha iki sərnişin – rayon sakini Dilqəm Seyidəliyev və Beyləqən rayon sakini, 22 yaşlı Əşrəf Hüseynzadə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Avtomobildə sıxılı qalan meyitlər də müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə göndərilib.
Qəzada yaralananlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu