FHN-nin təşkil etdiyi Ümumrespublika birinciliyinin final mərhələsinə START VERİLDİ - FOTO 

FHN-nin təşkil etdiyi Ümumrespublika birinciliyinin final mərhələsinə START VERİLDİ - FOTO 

Hazırda oxunan: FHN-nin təşkil etdiyi Ümumrespublika birinciliyinin final mərhələsinə START VERİLDİ - FOTO 

143467

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edir. 

Tədbir iştirakçıları, əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. 

İyunun 26-da Qəbələ şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib. 

Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib. 

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Yetişməkdə olan gənc nəslin müasir elmi biliklərə yiyələnməsi, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olması, təlim-tərbiyəsi daim Ulu Öndərin diqqətində olub.

Məhz ümummilli liderin müdrik uzaqgörənliklə işləyib hazırladığı mütərəqqi dövlət gənclər siyasəti bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyətin əsasını təşkil edir. Təsadüfi deyil ki, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizdə vətənpərvər, dövlətinə və xalqına bağlı, yüksək bilik və mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəsil formalaşıb.

44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız şanlı Zəfər bunun əyani sübutudur. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən yeniyetmə və gənclərlə aparılan iş, uğurla reallaşdırılan böyük layihələr xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. 
Nazir müavini bu ilin fevral ayında qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələni xatırladaraq, orada aparılan birgə axtarış-xilasetmə işlərinə toxunub. Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələdə təşkil olunan “Gənc xilasedici” beynəlxalq yarışının gənclərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması ilə yanaşı, bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. 

Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb. 
Tədbirin Təşkilat komitəsi rəhbərinin müavini polkovnik Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb. 

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub. 

Qeyd edək ki, “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 16 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 21 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur. 

“Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar qüvvələrini sınayacaqlar. 

Yarışlar iyulun 2-nə kimi davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO