İntihar və intihara cəhd halları ilə bağlı İşçi Qrupunun iclası keçirildi - FOTO

İntihar və intihara cəhd halları ilə bağlı İşçi Qrupunun iclası keçirildi - FOTO

Hazırda oxunan: İntihar və intihara cəhd halları ilə bağlı İşçi Qrupunun iclası keçirildi - FOTO

143220

Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, iclas görülmüş tədbirlər və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunub.

İclasda elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir.

Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda müvafiq dövlət qurumları və təşkilat nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Tədbirin yekununda adıçəkilən sahə üzrə dövlət orqanları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların səy və imkanlarının birləşdirilməsinin zəruriliyi nəzərə alınaraq gələcəkdə birgə fəaliyyətlərin təmin edilməsi məqsədilə dövlət qurumları və təşkilat nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupu yaradılıb.
Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb. Keçirilmiş tədbir və görüşlərdə valideynlər, psixoloqlar, həkimlər və müvafiq icra hakimiyyəti orqanlarının məlumat, həmçinin tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.

Firudin Qurbanov “Məktəblinin dostu” layihəsinin psixoloqları tərəfindən aparılan tədqiqat işlərini də iclas iştirakçılarının diqqətinə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil müəssisələrində görülən işlərlə bağlı hesabatla çıxış edib. O bildirib ki, məktəblərdə baş verən xüsusi hallarla bağlı nazirliyə operativ şəkildə məlumat verilir.

Daha sonra Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru Nail Əliyev, “Polisə Dəstək İctimai Birliyi”nin sədri Şəmsəddin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib. Müzakirələr zamanı İslamda intihara baxış, məişət zorakılığı, dövlət məmurlarının vəzifələri, hüquqi problemlərin həlli istiqamətində atılan addımlar və digər mövzulara dair təkliflərin müvafiq dövlət strukturlarına göndərilməsi qərarı alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO