Gəncədə bir neçə tibb müəssisəsində yeni şöbələr istifadəyə verildi - FOTO

Gəncədə bir neçə tibb müəssisəsində yeni şöbələr istifadəyə verildi - FOTO

Hazırda oxunan: Gəncədə bir neçə tibb müəssisəsində yeni şöbələr istifadəyə verildi - FOTO

143219

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanada yeni yaradılan Nevrologiya və Terapiya şöbəsinin açılışı olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev həyata keçirilmiş yeniliklərin vətəndaşların tibbi xidmətlərə əlçatanlığına xidmət edəcəyini deyib.

“Səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.

Eləcə də, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir.

Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də Agentliyin dəstəyi ilə yaradılıb. Düzgün diaqnozların təyini üçün əldə edilmiş KT (Kompüter Tomoqrafiya) və Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları ilə təminat tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artacağının göstəricisidir. Eyni zamanda Akademik Z.Məmmədov adına Xəstəxanada Təcili yardım, Reanimasiya, Cərrahiyyə şöbələri, Laboratoriya və əməliyyat blokunda, Uşaq xəstəxanasının Təcili yardım və poliklinika şöbəsində də yenidənqurma işləri aparılıb”,  deyə Z.Əliyev qeyd edib.

Gəncə Şəhər Birləşmiş Xəstəxananın direktoru İlkin İsmayılov tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verib. 

O, qeyd edib ki, Gəncə Səhiyyə İdarəsi icbari tibbi sığortanın tətbiqindən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanası adı ilə fəaliyyət göstərir və tabeliyində bir sıra xəstəxanalar var:

“Bu zaman müddətində əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün xəstəxanalarda yeni şöbələr yaradılıb, bir sıra tibb müəssisələri təmir olunub, lazımi tibbi avadanlıqlarla təchiz edilib”.

Nevrologiya və Terapiya şöbələrinin hər biri 100 çarpayılıq, yenidən qurulan Cərrahiyyə şöbəsi 70, Reanimasiya şöbəsi isə 10 çarpayılıq olduğunu bildirən İ. İsmayılov hələ də təmirə və təchizata ehtiyacı olan tibb müəssisələrinin də olduğunu vurğulayıb.

Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO