“Azərbaycanda intihar xəbərlərinin tirajlanmasına mütləq şəkildə senzura qoyulmalıdır. Bu gün bir informasiya xəbəri, ortalama 60 informasiya cəhdi yaradır. Avropada və ABŞ-da artıq intihar xəbərlərinə senzura tətbiq olunur.
Bir çox ölkələrdə isə intihar məlumatları ələnir. Bir intihar xəbərinin yaratdığı 60 intihar cəhdinin 25 faizinin uğursuz sonluqla, yəni intiharla nəticələndiyini düşünsək, bu çox ciddi bir rəqəmdir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında “HUMEL” psixologiya mərkəzinin rəhbəri, psixoloq Tariyel Faziloğlu son günlər ölkədə yeniyetmələr arasında artan intiharlara münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Valideynlər uşaqlarını necə qatilə çevirir?” - FAKTLAR
Onun sözlərinə görə, maksimum dərəcədə intihar xəbərləri azaldılmalı və ya xüsusi redaktə altında verilməlidir:
“Buna versiya sindromu deyilir. Bu gün ortalama günlük 7-8 intihar hadisəsi baş verir. Sadə bir nümunə çəkim. Yanvar ayında qazinin xəstəxanada intihar etməsi xəbəri tirajlandı, ardınca intihar dalğası başladı.
2016-cı ildə psixoloq Dəyanət Rzayev intihar etmişdi. Bu hadisədən sonra baş verən intiharların sayı çox sürətlə yüksəldi. Bir ayda intihar xəbərləri 80-ə çatdı və intihar olayları bir neçə ay davam etdi”.
Psixoloq yeniyetmələrin intihar etmə səbəblərindən danışıb:
“İntiharın 3 səbəbi var. Birinci psixoloji, ikinci sosial, üçüncü isə ailədaxili səbəblərdir. Azərbaycanda hazırda ciddi şəkildə ailədaxili münasibətlər zədələnmiş durumdadır. Ailədaxilində ünsiyyət minimum səviyyədədir.
Yeniyetməlik insan dönəminin ən emosional dönəmidir. Yeniyetmələr ən çox ünsiyyətə ehtiyacları olduğu halda daha çox sosial şəbəkələrdə, virtual aləmdə olurlar və daxili yalnızlıq, tənhalıq hissi güclənir. Bu da daxili aqressiyanı yüksəldir.
Yeniyetmələr pandemiya dövründə yetəri qədər boşluqdadırlar. Səbəb məşğul ola, özlərini ifadə edə biləcəkləri platformalarının olmamasıdır. Nəticə etibarilə bu insanlar aqressiya ilə yüklənirlər. Bununla yanaşı ailədə abituriyentliklə bağlı uşaqlara müəyyən basqılar da var ki, onlar ciddi şəkildə zehni yükləməyə məruz qalırlar.
Zehni yükləmə, özlərini ifadə edə bilməmə, enerjilərini ata bilməmələri və sosial ehtiyaclarını ödəmək üçün mühitin olmaması yeniyetmələrin psixoloji durumunu gərginləşdirir.
Üstəgəl bu gün bu ehtiyacları qarşılayacaq məktəb mühitinin olmaması durumu bir qədər də ağırlaşdırır.
Beləliklə, onlar daha çox ailə içi və ailə münaqişələrinin tam mərkəzində olurlar. Yeniyetmələrin hormonal aktivliyi dönəmində özünütəsdiq, bəyənilmə, sosial statusu uğrunda mübarizə şəklindəki psixoloji gərginliklər üst-üstə gəldikdə indiki dönəmdə maksimum onların affekt duruma düşmələri riski çoxalır”.
Azərbaycanda psixoloji maarifləndirmənin çox zəif olduğunu vurğulayan psixoloq ilk növbədə KİV-də bu məsələyə önəm verilməsini vacib sayıb:
“Son zamanlar Azərbaycanda intihar dalğasının işə düşməsi yeniyetmələrdə intiharı bir alternativ olaraq seçmələrinə səbəb olur. Bu da nəticə etibarilə son dönəmdəki hadisələri təsdiqləyir.
Əgər ciddi şəkildə kompleks tədbirlər görülməsə, təəssüf ki, getdikcə intiharların sayı çoxalacaq. İlk növbədə Azərbaycanda psixoloji maarifləndirmə işi aparılmalıdır. İnsanlar intihar siqnallarını tuta bilməlidirlər.
İkincisi, insanlar valideyn-övlad münasibətlərində psixoloji baryerləri bilməlidirlər. Belə olsa, övladlarının travmalarını vaxtında önləyə bilərlər və aqressiya siqnallarından tez xəbər tuta bilərlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu yöndə fəaliyyəti ümumiyyətlə yoxdur. Televiziyalarda şou proqramlara psixoloqlar çağırılır.
Amma psixoloq mövzuya öz reaksiyasını verməmiş, qonaqlar fərqli fikirlər deyirlər və psixoloq problemə girmədən o adamların suallarını cavablandırmaq məcburiyyətində qalır.
Beləliklə, problem həll olunmur. Sırf Azərbaycanda peşəkar psixoloji verilişlər, layihələr və təlimlər olmalıdır”.
Qeyd edək ki, ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində 16 yaşlı Quliyeva Mətanət Elşən qızı və onun rəfiqəsi, adı hələlik məlum olmayan 17 yaşlı qız birgə intihar ediblər. Onlar 9 mərtəbəli binanın damından özlərini atıblar.
Bir gün əvvəl isə Ağsu rayon sakini 15 yaşlı Pərvanə Salahzadə intihar edib.
O, yaşadığı evin həyətində yerləşən çinar ağacından özünü asıb.
Alçina Amilqızı, Bizim.Media