Xəbər verdiyimiz kimi iyunun 17-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumu öz işinə başlayıb. Və Simpozium bu gün öz işini başa çatdıracaq.
Belə bir tədbirin təşkili nə qədər təqdir olunsa da səslənən bəzi iddialar Simpoziumun əhəmiyyətinə bir qədər kölgə salır.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-in İdarə Heyətinin sədri qızına təmtəraqlı toy etdi - VİDEO
İddialara görə, Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumunun tarixi təsadüfən seçilməyib. Çünki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov övladının toyunu iyunun 18-ə təyin edib. Və toya dəvətlilər arasında xaricdə işləyən və çox böyük hörmət qazanmış həkimlərimiz də olub.
Vüqar Qurbanovun həmin həkimlərin gediş-gəlişini asanlaşdırmaq üçün tədbiri övladının toyu ilə eyni vaxta saldığı bildirilir. Ona görə də Simpoziumun açılışı iyunun 17-də olsa da, iyunun 18-nə heç bir tədbir planlaşdırılmayıb.
Hər kəsə TƏBİB-in icraçı direktorunun övladının toyuna hazırlıq üçün istirahət verilib. Beləcə, Simpozium 6 günlük nəzərdə tutulsa da cəmi 5 gün davam edib.
Məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrəndik. Qurumun rəsmisi Zamirə Ədilova Bizim.Media-ya açıqlamasında bildirib ki, Simpoziumun keçirilmə tarixinin TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov övladının toyunun keçirilmə tarixi ilə heç bir bağlılığı yoxdur:
“Bu bir təsadüfdür. Bildiyiniz kimi Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Üstəlik, Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumu Ümummilli liderin 100 illiyinə həsr olunub. Ona görə də tədbir bu tarixə salınıb. İyunun 18-i istirahət günü olduğu üçün Simpozium öz işinə fasilə verib. İyunun 19-dan etibarən isə tədbir öz işini davam etdirir”.
Surxay Atakişiyev, Bizim.Media