Şimal-Qərb bölgəsində baş verən sel və daşqınların səbəbləri ARAŞDIRILIR 

Şimal-Qərb bölgəsində baş verən sel və daşqınların səbəbləri ARAŞDIRILIR 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində baş verən sel və daşqınların səbəbləri ARAŞDIRILIR 

142497

Şimal-Qərb bölgəsində baş verən sel və daşqınların səbəbləri araşdırılır. Bölgə ərazisində 30-a yaxın dağ çayları axır və onların bir çoxu dağıdıcı əlamətləri ilə tanınır. Bölgədə baş verən sel və daşqınların səbəblərinin öyrənilməsi və araşdırılması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları tərəfindən ərazidən keçən dağ çaylarında ekoloji və geoloji monitorinqlər aparılır, torpaq və bitki örtüyü müayinə olunur. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov məlumat verib. 

O bildirib ki, regiondakı selli çaylardan daha çox öyrəniləni Kiş çayıdır. Bu çayın sel təhlükəli Qaynar, Damarçın və Çuxadurmaz qolları, eləcə də regionun su balansının formalaşmasında önəmli rolu olan Mazımçay, Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Daşağılçay və Dəmiraparan çayları üzərində mütəmadi olaraq monitorinqlər aparılır.
Yusif Rəhimov qeyd edib ki, Böyük Qafqazın cənub yamacında sel hadisələrinin xronologiyası və təhlili göstərir ki, Azərbaycanda sel hadisələri sönmür, əksinə, son illərdə onların təbii güclənmə və daha tez-tez təkrarlanma prosesi gedir. Buna misal olaraq, 2016-cı ilin iyulunda Kiş çayında, 2018-ci ilin iyununda Türyançayda, 2019-cu ilin aprelində Mazımçayda, 2021-ci ilin iyununda Kiş çayının Dulusca qolunda, həmin ilin sentyabrında Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında baş vermiş sel hadisələrini göstərmək olar. Sel nəticəsində iki nəfər həyatını itirib, müasir dəmir-beton konstruksiyalarla inşa edilmiş Kiş körpüsü tamamilə dağılıb, çay məcraları xeyli miqdarda gətirmə materialları ilə dolub. 

“Hazırda Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsi sellərin öyrənilməsi, onlara qarşı mübarizənin fiziki-coğrafi istiqamətlərinin geniş işıqlandırılması, bu problemin mühəndis həllinin mümkün qədər yeni aspektlərdə işlənməsi, eyni zamanda regionun ekosisteminin və ekoturizm potensialının öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir”, - deyə şöbə rəhbəri bildirib.
Onun sözlərinə görə, indiyədək aparılan tədqiqatlar nəticəsində sellərin formalaşma xüsusiyyəti, ərazilərin sel təhlükəsizliyinin təsərrüfat baxımından qiymətləndirilməsi kimi vacib məsələlərə aydınlıq gətirilib, ayrı-ayrı çay hövzələrinin fiziki-coğrafi xüsusiyyətindən asılı olaraq, sellərə qarşı mübarizə tədbirləri işlənilib. Yusif Rəhimov əlavə edib ki, belə tədbirlərin həyata keçirilməsi bir tərəfdən sel təhlükəsi altında qalan yaşayış məntəqələrini, meşələri və əkin sahələrini seldən xilas edir, digər tərəfdən isə suyun yüksək enerjisindən istifadə edərək, yerli əhəmiyyətli kiçik su elektrik stansiyalarının tikilməsinə imkanlar yaradır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO