BİZİM TƏQVİM: 17 iyun Səhiyyə işçilərinin peşə bayramıdır

BİZİM TƏQVİM: 17 iyun Səhiyyə işçilərinin peşə bayramıdır

Hazırda oxunan: BİZİM TƏQVİM: 17 iyun Səhiyyə işçilərinin peşə bayramıdır

141778

İyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Bəs, iyunun 17-də dünyada daha hansı hadisələr baş verib?

1. 17 iyun 1918-ci ildə Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası yaranmış vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament formalaşanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu addım Nuru paşanın tövsiyəsi ilə, daşnak-bolşevik (“Bakı Soveti”) qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı. İyunun 16-18-də Kürdəmir cəbhəsində, Göyçayın Qaraməryəm kəndi yaxınlığında ilk döyüş oldu.

2. Türkiyə qurtuluş mübarizəsi apardığı illərdə Sivas, Ərzincan və Tunceli bölgəsində başlayan və 3,5 ay davam edən Koçgiri üsyanı 1921-ci ilin 17 iyun tarixində Türkiyə ordusu tərəfindən yatırıldı.

3. 17 iyun 1932-ci ildə Türkiyə Cümhuriyyətində ilk dəfə avtomobil yarışı keçirildi.

4. 17 iyun İslandiya xalqının milli bayramıdır.İslandiya 1944-cü il iyunun 17-də öz istiqlaliyyətini bəyan edib. 1380-ci ildən 1918-ci ilədək Danimarkanın tərkibində olan İslandiya 1918-ci ildən 1944-cü ilədək bu ölkə ilə ittifaq dövləti olub.  

5. 1951-ci il 17 iyunda Berlin olimpiada stadionunda keçirilən futbol matçında Türkiyə Almaniya komandasını 2-1 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra qapıçı Turqay Şerenə "Berlin panterası" deyilməyə başlandı.

6. 1972-ci ildə ABŞ-da “Voterqeyt qalmaqalı” başladı. Prezident Riçard Niksonun Respublika Partiyası ilə əlaqəli 5 nəfər Demokrat Partiyanın mərkəzində dinləmə cihazı yerləşdirərkən polis tərəfindən tutuldular. Əvvəlcə oğurluq adlandırılan hadisənin jurnalistlər Bob Vudvord  və Karl Bernşteynin  təqibləri nəticəsində Demokrat Partiyaya qarşı siyasi bir sui-qəsd olduğu ortaya çıxdı. Bu məsələ aşkara çıxandan sonra prezident Nikson vəzifəsindən istefa vermək məcburiyyətində qaldı.

7. 17 iyun 1992-ci ildə Azərbaycan Belçika (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) ilə diplomatik münasibətlər qurub.

8. 1993-cü ilin bu günündə Azərbaycanın Ağdərə rayonu erməni təcavüzkarları tərəfindən işğal edilib. 

9. 1993-cü ildə iyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy gecə ikən gizli şəkildə bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. Həmin gün televiziya ilə xalqa müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

10. 1994-cü ilin bu günü Birləşmiş Millətlər Təşkilatının baş assambleyası 17 iyunu Ümumdünya Səhralaşma və Quraqlığa Qarşı Mübarizə Günü elan etdi. Elə həmin il BMT-nin quraqlıqla mübarizə üzrə konvensiyası qəbul olundu. 

17 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1631-ci ilin bu günü Babur imperatoru Cahan şahın həyat yoldaşı Mümtaz Mahal doğuş zamanı dünyadan köçüb. Əri tərəfindən onun xatirəsinə Tac Mahal məqbərəsi ucaldılıb ki, bu abidə 20 ilə tamamlanıb.

2. Məşhur fransız bəstəkarı və dirijoru Şarl Fransua Quno 1818-ci ilin bu günü  dünyaya gəlib.

3. Azərbaycan boyakarı, Xalq rəssamı Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə anadan olub.

4. 2015-ci ilin 17 iyununda Türkiyə respublikasının 9-cu dövlət başçısı Süleyman Demirel 91 yaşında vəfat edib (1924-2015).

5. Misirin eks-prezidenti, 2013-cü ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Mursi 17 iyun 2019-cu ildə məhkəmə salonunda həyatdan köçüb.  

6. 17 iyun 1947-ci ildə Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” ordenli opera müğənnisi Fidan Qasımova anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO