Regional sülh və əməkdaşlığı təşviq etmək üçün ABŞ, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Mina Məsləhətçi Qrupu (MAG), Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, 14 nəfərlik 4 minatəmizləmə qrupunun təlimi və təchizatı layihəsinin icrasına başlayıb.
Bu barədə Bizim.Media-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, bunlardan ikisi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdiriləcək:
“Bu, ABŞ-nin Azərbaycanda humanitar minatəmizləmə əməliyyatlarına dəstəyinin davamıdır. Münaqişə zonası boyunca minalar və partlamamış hərbi sursatlar mülki insanların yaşayışı üçün təhlükə törətməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasına mane olmağa davam edir. ABŞ ANAMA-ya və onun cəsarətli minatəmizləyici qruplarına dəstək verən azərbaycanlı və beynəlxalq tərəfdaşlarla işləməkdən şərəf duyur”.
“Mən bu gün bizimlə birlikdə Azərbaycanın ən yeni minatəmizləyiciləri kimi xidmət etmək üçün təlimə başlamaq üzrə olan bu cəsur Azərbaycan qadınlarına və kişilərinə heyranlıq və hörmətlə yanaşıram”, - tədbirdə çıxış edən ABŞ-nin Bakıdakı Səfirliyinin Siyasi müşaviri Filip Tişu bildirib.
MAG Ölkə üzrə Direktoru Canet Dijkstra bildirib ki, yeni komandalar bizə ilk qadın minatəmizləmə qruplarını yaratmaqla gender inklüzivliyini təşviq etməyə və qadınları qarışıq minatəmizləmə qruplarına daxil etməyə imkan verəcək:
“MAG həmçinin Azərbaycanda humanitar minatəmizləmə işində QHT-lərin iştirakını artırmaq məqsədi daşıyır. Biz minatəmizləmə sahəsində Azərbaycanın institusional potensialını gücləndirmək və artırmaq üçün ANAMA ilə işləməyə davam edəcəyik”.
2021-ci ilin noyabrında elan edilən 500 000 ABŞ dolları və 2022-ci ilin sentyabrında elan edilən 2 000 000 ABŞ dollar məbləğində maliyyə yardımının davamı olaraq ABŞ-nin bu təşəbbüsü minatəmizləmə təşkilatlarının ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün texniki imkanlarını gücləndirəcək.
Sadalanan işlər insan təhlükəsizliyini gücləndirməkdə və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır.
Birləşmiş Ştatlar 1993-cü ildən bəri 120-dən çox ölkəyə mina və partlamamış hərbi sursatların mülki əhali üçün yaratdığı təhlükələri aradan qaldırmaqla beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün 4,6 milyard dollardan çox sərmayə yatıraraq, adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 16.06.2023
Azərbaycanda qadın minatəmizləmə qrupları YARADILIR – FOTO
Hazırda oxunan: Azərbaycanda qadın minatəmizləmə qrupları YARADILIR – FOTO
Hazırda oxunan: Azərbaycanda qadın minatəmizləmə qrupları YARADILIR – FOTO
141721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.