Attraksionlarda təhlükəsizlik qaydalarına nəzarət EDİLİRMİ? – RƏSMİ AÇIQLAMA

Attraksionlarda təhlükəsizlik qaydalarına nəzarət EDİLİRMİ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Attraksionlarda təhlükəsizlik qaydalarına nəzarət EDİLİRMİ? – RƏSMİ AÇIQLAMA

141427

Attraksionlarda təhlükəsizliklə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bir neçə gün öncə Xırdalan şəhərində yerləşən attraksionlardan birində 36 yaşlı Minayə Nuriyevanın faciəvi şəkildə ölümü bu məsələni bir daha gündəmə gətirib.

Əyləncəsini səmərəli keçirmək üçün parka üz tutmaq istəyən valideynlər, vətəndaşlar bir yox, iki dəfə düşünməlidirlər.

Mövcud vəziyyət onu göstərir ki, əksər attraksionlarda təhlükəsizliklə bağlı xəbərdarlıq nişanları quraşdırılmayıb, əlavə tədbirlər isə görülməyib.

Bəs, paytaxtda və bölgələrdə attraksionlarda təhlükəsizlik qaydaları hansı səviyyədə təmin olunur? 

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sahil Mənsimov bildirib ki, attraksionlar quraşdırılmazdan əvvəl qanunvericiliklə təyin edilmiş bir çox proseslər icra edilməlidir:

“Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyi attraksionlarda texniki nəzarətin təşkili və onun icra olunmasını həyata keçirir. Hər bir mexanikləşdirilmiş attraksion quraşdırılmazdan əvvəl onun yerləşəcəyi ərazi haqqında agentliyə məlumat verilməlidir. 

Həmçinin attraksionlar zavod istehsalı olmaqla, texniki pasportla təmin edilməlidir. Attraksionlar istifadə olunan müddətdə agentlik tərəfindən qeydiyyata alınmalı, texniki ekspertizadan keçirilməlidir”

Onun sözlərinə görə, istifadə olunan attraksionlar Nazirlər Kabinetinin qərarına əsasən dövlət reyestrində qeydiyyata alınmalı və çıxarışla təmin edilməlidir. 

“Attraksionları istismar edən hüquqi – fiziki şəxs onların təhlükəsizliyini təmin etmək məqsədilə savadlı olmalı, mühəndis – texniki işlərə cavabdehlik daşımalıdır. Attraksionların istismarı zamanı fərdi heyət, yəni attraksion operatorlarının bilikləri üç aydan bir yoxlanmalı, onlar müvafiq vəsiqə ilə təmin edilməlidirlər. Həmin attraksionların istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısını almaq üçün operatorlar təlimatlandırılmalı və vəzifə borclarını bilməlidirlər”.

S.Mənsimov, həmçinin vurğulayıb ki, qeyri-standart zavod istehsalı olmayan attraksionların istismarına icazə verilmir, ildə bir dəfə isə Ədliyyə Nazirliyindən alınmış çıxarış əsasında həmin qurğularda texniki müayinə aparılır:

“Yay mövsümi ilə bağlı bəzi  parklarda texniki müayinələr aparılır, aşkarlanmış qüsurlar haqqında akt tərtib olunur. Həmin aktlarda əksini tapmış qüsurların icra olunması nəzarətə götürülür. Hazırda Bakıdakı bulvarda olan attraksionların müayinələr zamanı istismar vəziyyətinin qənaətbəxş olduğu müəyyənləşdirilib”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO