Yayda villada dincəlmək neçəyə başa gəlir? - ARAŞDIRMA/FOTOLAR 

Yayda villada dincəlmək neçəyə başa gəlir? - ARAŞDIRMA/FOTOLAR 

Hazırda oxunan: Yayda villada dincəlmək neçəyə başa gəlir? - ARAŞDIRMA/FOTOLAR 

141389

İnsanlar şəhərin səs-küyündən uzaqlaşıb təbiət qoynuna çəkilmək istəyir. Bu, yay mövsümünün yazılmayan ənənələrindən biridir. Lakin qiymətlər artdıqca, təbiət qoynu əziyyət qoynuna çevrilir. Bağ qiymətləri dağ çəkir müştərilərin ürəyinə. 

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyev digər aylarla müqayisədə hazırda qiymətlərin 2-3 dəfə artdığını deyib: 

“Son illər, xüsusən 2020-ci il pandemiya dövründə qapanmalar səbəbindən artıq ölkə vətəndaşları xarici ölkələrdə deyil, daha çox Azərbaycanın turistik bölgələrində istirahət etməyə üstünlük verdilər. Bu baxımdan hazırda gündəlik və aylıq bağ evlərinə tələbatın artması qiymət artımına səbəb olub”. 



Paytaxtda bağ evlərinin alqı-satqısı, kirayəsi ilə məşğul olan əmlakçı Nadir Quliyev bizə son qiymətlər barədə məlumat verib:

“İki il bundan öncə 1000-2000 manata normal bağ evi götürmək olurdusa, bu il artıq hovuzu olan normal bağ evləri 3 min-5 min civarındadır”. 



N.Quliyev qiymətlərin konkret ünvanlara görə dəyişdiyini də diqqətə çatdırıb:

“Ən bahalı bağ evləri daha çox Mərdəkan, Buzovna, Bilgəhdədir. Burada yaxşı bağ evlərinin aylıq kirayəsi 3-5 min manat arasında dəyişir. Bu yerlərdə günlük evlər də kirayə verilir. Qiymətlər təxminən 200, 500, 1000 manat arasında dəyişir. Qiymətlərin nisbətən münasib olduğu ərazilərə qaldıqda, Türkan, Hövsan kimi yerləri misal çəkmək olar. Bu yerlərin dənizə yaxın hissələrində aylıq 1500, 1000, 500 manata da kirayə bağ evləri tapmaq olar”.  

Bir başqa əmlakçı Mülkədar Rüstəmov isə bəzi müştərilərin lüks bağ evlərinə maraq göstərdiyini bildirib:

“Daha bahalı bağ evləri də var. Aylıq kirayəsi 7000, 8000, 10000 manata başa gəlir. Belə bağ evləri hər cür şəraitlə təmin olunub”.  



M.Rüstəmovun sözlərinə görə, istər satış, istər günlük, istərsə də aylıq kirayə olsun, ümumilikdə bağ evlərinin qiyməti 15% artıb:

“Bu il bağ mövsümü tez başlayıb. Artıq mart, aprel aylarından bir çox bağ evləri bron olunub. Əsasən müştərilərin tələbi dəniz mənzərəli və geniş sahəli evlərdir. Artım tək paytaxtda deyil, bölgələrdə də müşahidə olunur. Məsələn, Qəbələ, Qusar, İsmayıllı, Şəki, Qaxda 40-60 manatdan başlayan günlük evlər artıq 80, 100 manata və daha baha təklif olunur”. 

Əmlak ekspertinin tövsiyəsinə görə, bağ evi nə qədər tez bron edilsə, o qədər sərfəli olur:

“Fevral-mart aylarının axırlarından bron edənlər ən azı 800-1000 manat qənaət etmiş olurlar. Bir də bağ sahibləri çalışırlar ki, daha uzunmüddətli kirayə versinlər və məsələn, 3 aylıq ödənişi birdən götürsünlər. Onlara sərf edir ki, əmlakları ən azı 2-3 aylıq götürülsün”. 

Ekspertlərin fikrincə, qiymət artımı avqust ayının ilk ongünlüyünə qədər davam edəcək. 

Əmlak saytlarına baxış keçirdik. Qiymətlər doğrudan da “əl yandırır”. Məsələn, Mərdəkanda 400 kv metrlik, 5 yataq otağı olan hovuzlu bağ evinin bir aylıq kirayəsi 7500 manata təklif olunur. 



Yenə Mərdəkanda, 350 kv metr sahəsi olan 2 mərtəbəli bağ evi yalnız 3 aylıq kirayə verilir. Bir ayın kirayə haqqı isə 10000 manatdır. 



Bilgəhdə, ümumi sahəsi 600 kv metr olan və dənizə 900 metr məsafəsi olan bu villanın aylığı 12000 manata başa gəlir. 



Rastımıza çıxan ən bahalı bağ evi Buzovnada yerləşir. Ümumi sahəsi 550 kv metr olan 3 mərtəbəli villanın ağla gələ biləcək hər bir şəraiti var. Aylıq kirayə haqqı isə  15500 manatdır. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO