Cinayət əməllərinə görə həbs edilmiş sabiq DEPUTATLAR – ARAŞDIRMA 

Cinayət əməllərinə görə həbs edilmiş sabiq DEPUTATLAR – ARAŞDIRMA 

Hazırda oxunan: Cinayət əməllərinə görə həbs edilmiş sabiq DEPUTATLAR – ARAŞDIRMA 

141276

Azərbaycanda bir sıra deputatlar müxtəlif vaxtlarda törətdikləri müəyyən cinayət əməllərinə görə həbs cəzasına da məhkum olunublar. Onlardan həbs müddətini başa vuranlarla yanaşı, hazırda həbs müddəti davam edənlər də var. 

Bizim.Media Azərbaycan müstəqillik əldə edəndən üzü bəri qanunları kobud şəkildə pozduğu üçün həbsdə olan deputatlarla bağlı araşdırma aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Həbsdə olan sabiq deputata yeni cinayət işi açıldı - FOTO


İsa Qəmbər

Hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər 1993-cü ilin iyunun 16-da həbs edilir. Müsavatın sabiq başqanı olan siyasətçi həmin dövrlərdə Ali Sovetin deputatı kimi fəaliyyət göstərirdi. Ancaq o, həbsdə az qalır. Cəmi 1 aydan sonra buraxılır.

İqbal Ağazadə

2003-cü ildə keçirilən prezident seçkiləri sonrası o zamankı deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə həbs edilir. Ona qarşı "kütləvi iğtişaş" maddəsi ilə cinayət işi açılmış, toxunulmazlıq hüququ əlindən alınmış və həbs olunmuşdu.

Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə İ.Ağazadə 3 il müddətinə azadlıqdan məhrum edilir. Lakin 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilir. O, hazırda da Ümid Partiyasına sədrlik edir. 

Hüseyn Abdullayev

Milli Məclisin 2007-ci ildəki yaz sessiyası zamanı deputat Hüseyn Abdullayevin həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa davası birinciyə qarşı cinayət işinin açılması ilə nəticələndi.

Lakin 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya gedərək, bir müddət orada yaşayıb. 2018-ci ildə sabiq deputat Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi.
İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanıb.

Eyni zamanda, “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova hədə qorxu gəlməkdə ittiham olunan sabiq deputat 2019-cu ilin oktyabrın 1-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Hüseyn Abdullayevə 6 il həbs cəzasına məhkum edilir. 

Gülər Əhmədova 

Deputat Gülər Əhmədova 2013-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilir.

Belə ki, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin iddasına görə, G.Əhmədova 2 milyon manat qarşılığında onun Milli Məclisə üzv seçiləcəyini vəd edib. 

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

2014-cü ilin mayında isə Bakı Apellyasiya Məhkəməsi cinayət işinə baxaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza növünü tətbiq edir. Nəticədə Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılır.

Dünyamin Xəlilov 

2016-cı ilin fevralında iş adamı, "Globus Plaza”nın sahibi  Dünyamin Xəlilov dələduzluqda təqsirləndirilərək həbs edilib. D.Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-dən külli miqdarda kredit götürüb qaytarmamaqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilir. Sonradan Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilir.

İlham Əliyev 

22 avqust 2020-ci ildə məhkəmənin qərarı ilə sabiq deputat İlham Əliyev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinərək, 15 sutka müddətinə inzibati qaydada həbs edilir. O, 2010-2020-ci illərdə Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı olub.

Rafael Cəbrayılov

2021-ci ilin aprelin 2-də deputat Rafael Cəbrayılov həbs edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi tətbiq edilib. 

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cəbrayılov həbsdə olarkən 2021-ci ilin sentyabrında koronovirusdan vəfat edib. O, Milli Məclisinin III, IV və V çağırış deputatı olub.

Eldəniz Səlimov 

Deputat Eldəniz Səlimov 2021-ci ilin dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhəri ərazisində polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etdiyinə görə, məsuliyyətə cəlb edilib. 
Qeyd edək ki, E.Səlimov Milli Məclisinin V və VI çağırış deputatı olub.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO