Uşaqpulunun verilməsi məsələsi yenidən gündəmə gəlib.
Belə ki, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə, Uşağın anadan olmasına görə əhaliyə ödənişlər üzrə xərclərin 28 milyon manatdan 32 milyon manata qaldırılması təklif edilir.
“Uşaq pullarının verilməsi məqsədəuyğun deyil”
Bu layihəyə münasibətini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, bu təklif insanların sosial həyatında heç nəyi dəyişmir:
“Bu gün ölkədə çox ciddi inflyasiya mövcuddur. İnflyasiya ötən il 14 faiz, bu il isə təxminən 13,5 faizdir. Bütün ərzaq xərcləri, yəni ərzaq inflyasiyası ötən il 21-22 faiz idi, indi isə 17 faizə yaxındır. Ölkədə bütün xərclər artıb. Bu baxımdan təklif irəli sürən şəxs əvvəlcə inflyasiyanı nəzərə almalıdır”.
Bu məbləğin birdəfəlik doğuma görə verilən kompensasiya olduğunu söyləyən ekspert, bunun əvəzinə hər ay uşaq pulunun verilməsi ilə bağlı təkliflərə də münasibətini açıqlayıb:
“Uşaq pulu o ölkələrdə aktual olur ki, orada uşaqların doğum sayının azlığı, eləcə də təbii artım və əhalinin erkən yaşlanması ilə bağlı problemlər var. Həmin ölkələrin rəhbərləri də doğumu stimullaşdırmaq üçün əhaliyə uşaq pulunun verilməsini həyata keçirirlər.
Hazırda ölkəmizdə yaş strukturu və təbii artımla bağlı problem yoxdur, əksinə əhali daha da artır. Buna görə də uşaq pullarının verilməsi məqsədəuyğun deyil.
Amma bunun əvəzində dövlət daha çox sosial yönümlü, yəni kasıb əhalinin tələbatının ödənilməsinə yönələn siyasət həyata keçirməlidir. Belə ki, gəlirləri xərclərini qarşılamayan çoxuşaqlı ailələrə kompensasiyanın verilməsi həyata keçirilə bilər.
Bunun üçün də daha ədalətli sistem formalaşdıra və daha çox maliyyə vəsaiti ayıra, hətta uşaqları az və ya heç olmayan aztəminatlı ailələrə də maliyyə yardımı edilə bilər.
Ancaq Azərbaycan kimi təbii artımında və yaş strukturunda problem olmayan ölkələrdə sırf “uşaq pulu” ödənişi adı ilə ödənişlərin edilməsi doğru deyil. Çünki, bu vəsait ayrılarkən həm varlılara, həm də kasıblara eyni miqdarda pul veriləcək ki, bu da cəmiyyətdə ədalətsizlik yaradacaq”.
“Bizdə 300 manat bir uşağın doğuş xərcinin 13-ni də qarşılamır”
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə qeyd edib ki, istənilən sosial yardımın ayrılmasını təqdirəlayiq hesab etmək olar.
Doğuşa görə birdəfəlik yardımın məbləğinin təxminən 50 manat qaldırılacağını deyən E.Bayramlı bildirib ki, bunu artım adlandırmaq olmaz:
“Bu, uzaqbaşı indeksasiya və ya kompensasiya adlana bilər. Hazırda inflyasiya həcmi rəsmi şəkildə 13,5 faiz götürülür ki, bu da 50 manatlıq artımdan çox edir. Yəni, pulun real dəyəri son illər aşağı düşdüyü üçün əvvəlki dəyəri kompensasiya etmir.
Əslində, Azərbaycanda birdəfəlik yardım iqtisadi cəhətdən zəif olan digər ölkələrə nisbətdə xeyli aşağıdır. Bəzi ölkələrdə bu, bir neçə min manatdan başlayır. Bizdə isə bu, cəmi 300 manata yaxındır və bir uşağın doğuş xərcinin 13-ni də qarşılamır. Çünki, doğum evlərində və klinikalarda ən ucuz doğuş xərcləri 1000 manatdan başlayır. Buna görə də birdəfəlik ödəmənin 50 manat artması hansısa bir sosial dəyişikliyə səbəb olmayacaq”.
Bu baxımdan da aylıq uşaq pullarının bərpa olunmasının vacibliyini önə çəkən ekspert düşünür ki, əvvəlcə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, birdəfəlik yardımın həcmi bir neçə min manat olmalı və əlavə olaraq aylıq uşaq pulu verilməlidir:
“Müvafiq dövlət orqanlarının rəsmiləri və bəzi deputatlar isə uşaq pulu əvəzinə ünvanlı sosial yardımların və müavinətlərin verildiyini bəhanə edirlər. Bunun harası ünvanlı yardımdır? Uşaqlara görə verilən birdəfəlik yardıma baxaq. Hansısa bir milyarderin də, sosial təminat cəhətdən zəif olan bir ailənin də uşağına eyni qaydada 300 manat ayrılır.
Sosial yardım bir anlayış kimi sosial qayğıya ehtiyacı olan vətəndaşları əhatə etməlidir. Əslində, dövlətin də məqsədi budur. Heç olmasa, uşaq pulunu ünvanlı etsinlər və aşağı gəlirli ailələrin uşaqlarına heç olmasa, aylıq uşaq pulu versinlər. Əks halda, burada hansısa ünvanlılıqdan və ya təsirlilikdən söhbət gedə bilməz.
Yoxsa hansısa bir ailənin alacağı 300-350 manat həmin ailə üçün heç bir işə yaramayacaq. Çünki, həmin vəsaitin nominal dəyəri artır, real dəyəri isə yüksəlmir. Belə ki, indiki 300 manat iki il əvvəlki 150 manat dəyərindədir. Bu da onu göstərir ki, son 2 ildə məhsul və xidmətlərdə iki dəfə bahalaşma baş verib. Pulun real əmtəə dəyərini belə indeksasiya etmir”.
Müsahibimiz vurğulayıb ki, son statistikada, Azərbaycanda artım tempinin və uşaq doğumunun aşağı düşdüyü əks olunub:
“Belə ki, 1 uşaqlı ailələrin sayı maksimuma qalxır və biz ailə modelini getdikcə itiririk. Belə ailə artıq normal ailə sayılmır. Bir millətin davamlılığının və milli genofondunun qorunması və yaşaması üçün bir ailədə minimum 3 uşaq olmalıdır.
Hazırda ölkədə demokrafik dəyişikliklər baş verir, əhalinin qocalması, gənc nəslin azalması prosesi gedir ki, bu da gələcəkdə ciddi problemlərə səbəb olacaq. Bu vəziyyəti də dövlət stimullaşdırmalı və imkansız ailələrə uşaq pulu, yaxud ünvanlı sosial yardım formalarında yardım etməlidir ki, heç olmasa, uşaqların sağlam böyüməsinə dəstək olsun.
Onsuz da ailələr 3-4 uşaq dünyaya gətirməkdə maraqlı deyillər, bununla belə, 1 və ya 2 uşaq dünyaya gətirəcəklər. Onları da normal və sağlam cəmiyyətdə böyütmək lazımdır. Bunun üçün də sosial təminat cəhətdən zəif və yaşayış şəraiti ağır olan, əlil, işsiz və kirayələrdə yaşayan ailələrə yardımlar edilməlidir ki, onların da sayı ölkəmizdə on minlərlədir.
Ölkəmizin maliyyə vəziyyəti ilə bağlı heç bir problemi yoxdur və üstəlik büdcədə lazım olandan da artıq vəsait toplanıb. Hər il dövlət büdcəsində 5-6 milyard manatlıq profisit yaranır ki, bu da sosial yardımlara yönəldilməlidir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 13.06.2023
Uşaqpulunun verilməsi ilə bağlı MÜBAHİSƏ BÖYÜYÜR – Ekspertlərdən TƏZADLI MÖVQE
Hazırda oxunan: Uşaqpulunun verilməsi ilə bağlı MÜBAHİSƏ BÖYÜYÜR – Ekspertlərdən TƏZADLI MÖVQE
Hazırda oxunan: Uşaqpulunun verilməsi ilə bağlı MÜBAHİSƏ BÖYÜYÜR – Ekspertlərdən TƏZADLI MÖVQE
141201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.