Rayonlara qatarla gedənlərin sayı çoxalıb. Bəzi rayonlara yeni xətlərin açılması ilə insanlar həm vaxt, həm də komforta görə qatardan istifadəni üstün tuturlar.
Bəziləri isə hesab edir ki, rayon maşrutları qatardan daha münasibdir. Belə ki, bilet pulu qatarlarda daha bahadır.
Məsələn Bakıdan Qəbələyə yola düşən qatar da avtobus da mənzil başına 3 saata çatır. Bunun əsasında bəziləri düşünür ki, 14 manat qatara bilet almaqdan, 9 manata avtobusla getmək daha sərfəlidir.
MÖVZU İLƏ BAĞLI:
Avtobus sürücülərinin qanunsuz hərəkəti təhlükə saçır - VİDEO
Üstəlik, qatar vağzalında endikdən sonra da əksər hallarda mənzil başına taksi ilə getmək lazım olur ki, bu da əlavə xərc deməkdir. Bu kimi səbəblərdən dolayı, qatarın əlverişli olmadığını düşünənlər də az deyil.
Lakin reallıq ondan ibarətdir ki, son vaxtlar xəttə buraxılan qatarların sayınd artım var. Bu da dəmir yolundan istifadə edənlərin sayının çoxaldığını deməyə əsas verir.
Mövzu ilə əlaqədar ilk olaraq Azərbaycan Dəmir Yolları ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu il qatarlardan istifadə edənlərin sayında artım müşahidə olunur:
“Belə ki, Azərbaycan dəmir yollarında cari ilin ilk 5 ayında sərnişindaşıma üzrə 57% artım müşahidə olunub. İlin əvvəlindən bu günə kimi qatarlarla 2,7 milyon sərnişin səfər edib. Onlardan 114 mini (+317%) - ölkədaxili nəqliyyata üstünlük verib. Eyni zamanda, iyun ayından etibarən rayonlara yola düşən bəzi qatarların sayı çoxluğa görə artırılıb”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyir ki, qatarlar komfortla yanaşı təhlükəsizlik baxımından daha uyğun olduğu üçün nəinki rayonlara hətta genişləndirilərək Bakıətrafi ərazilərə də yeni xətlərin çəkilməyi əlverişli olar:
“Dəmir yolu ilə daşımaların sayında xeyli artım var. Bu yüzlərcə sərnişin deməkdir. Düzdür sərhədlər bağlı olduğu üçün beynəlxalq daşımalar hələlik yoxdur. Ona görə əvvəlki illərlə müqayisədə azalma var. Lakin daxili həm yük, həm sərnişin daşımalarında xeyli artım müşahidə olunur. Buna yeni stansiyaların açılması,yeni qatarların alinması və digər amillər təsir göstərir.
Xüsusi olaraq Bakı-Gəncə, Bakı-Qəbələ və Bakı-Ağstafa istiqamətində sürət qatarlarının hərəkətə buraxılması sərnişinlərin marağına səbəb olub. Rahatlıq və təhlükəsizlik baxımından qatarla səyahətlər daha çox önəmlidir. Bu baxımdan düşünürəm ki, “Azərbaycan Dəmir Yolları” gələcəkdə dəmir yolu şəbəkəsini daha da genişləndirmək, şaxələndirmək üçün müəyyən addımlar atmalıdır. Bu həm bölgələr üzrə, həm Bakıətrafı ərazilər üzrə həyata keçirilməlidir. Belə olduğu halda, təbii ki, azalmadan yox,artımdan danışa bilərik”.
Ekspertin sözlərinə görə, rayon maşrutlarının hərəkətinə mane olan qatarlar deyil. Buna səbəb avtobusların yaxşı vəziyyətdə olmaması və qanunsuz taksilərin işləməsidir:
“Rayonlara maşrutlar da öz növbəsində işləyir. Düzdür, qanunsuz fəaliyyət göstərənlər daha çoxdur. İndi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtovağzaldan- avtovağzala hərəkət prinsipini əsas tutaraq hələki təbliğat işləri aparır. Avtobus parkının yenilənməsi və digər amillər də nəzərdən qaçırılmır.
Amma təəssüf ki, bugün avtobus parkının əksəriyyəti köhnə nəqliyyat vasitələrindən ibarətdir. Bu da sərnişinlərin həyati üçün təhlükəlidir, risklidir.
Getdikcə, hansısa formada həmin daşıyıcılara dövlət tərəfindən müəyyən güzəştlər edilməklə onların avtobus parkının yenilənməsinə kömək etmək lazımdır. Bununla da sərnişindaşımada müəyyən irəliləyişlər əldə etmək olar. Ən azından taksilərin əlindən sərnişinləri xilas edib, normal rahat və təhlükəsiz maşrutlara yönləndirə bilərik”.
Röyanə Oğuz, Bizim.Media