Oğuz rayonunun Çaldaş kəndində İosif Stalinin heykəli bu günəcən qalmaqdadır. Hazırda heykəl yerli bələdiyyədən həyətyanı torpaq sahəsi almış kənd sakinlərindən birinin həyətindədir.
Bizim.Media-nın əməkdaşı Oğuz rayonunun Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinin Çaldaş kəndində Stalinin heykəli yerləşən ərazidə olub.
Məlumata görə, İosif Stalinin heykəli kənddə Sovet dövründən qalıb. Həmin dönəmdə keçmiş Astraxanovka kəndində Rusiya kolxozu fəaliyyət göstərib.
Yerli sakinlər həmin vaxtdan indiyə qədər Stalinin heykəlini qoruyub saxlayıblar. Hazırda heykəlin yerləşdiyi torpaq sahəsinin sahibi də kəndin ənənəsini davam etdirəcəyini deyir.
Həmin sakinin ailə üzvlərindən öyrəndik ki, Stalinin heykəlini sökməyi planlaşdırmırlar. Onu tarixi abidə kimi qəbul edib, qoruyub saxlayacaqlarını bildirirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu