ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başladı

ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başladı

Hazırda oxunan: ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başladı

140643

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərini davam etdirir. 

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.  

Bildirilib ki, hər kəsin iştirak edə biləcəyi və onlayn formatda təşkil edilən təlimlərin məqsədi daha çox auditoriyanı əhatə edərək mina təhlükəsi barədə məlumat verməkdir. 

Tərəflərin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn bu layihə vasitəsilə təlimi onlayn izləyən şəxslər mina təhlükəsinin izahı, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi fəsadlar, şübhəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları haqqında məlumatla tanış olacaqlar. 

Təlim beş qızıl qaydanı özündə əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!” 
Qeyd edək ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərində iştirak etmək istəyən şəxslər Agentliyin veb-səhifəsində “Fəaliyyət - maarifləndirmə işləri” bölməsindən “Təlimə qoşul” (//anama.gov.az/enlightenment-works) keçidinə daxil olaraq rahatlıqla maarifləndirmə təlimini izləyib, ANAMA tərəfindən QR kodlu rəqəmsal sertifikat əldə edə biləcək. 

Missiyası bütün insanlara və müəssisələrə təlim sahəsində rəqəmsal imkanlar yaratmaq olan EDUAZ onlayn təlim platforması yerli mütəxəssislər tərəfindən hazırlanıb və təlimlərin əlçatanlığının təmin edilməsi üçün bir çox alətlərə malikdir.

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərini hər kəs istənilən məkandan, istənilən zaman izləyərək, özünüqiymətləndirmə testlərindən keçə biləcək və eyni zamanda təlim materiallarını istənilən vaxt təkrarlamaq imkanı olacaq. 

Qeyd olunub ki, genişmiqyaslı təlimlərin keçirilməsi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, səfər edən şəxslərin məlumatlandırılmasına müsbət töhfəsini verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO