Çimərlik mövsümü BAŞLAYIR – Bu il vətəndaşları hansı “SÜRPRİZ”LƏR GÖZLƏYİR?

Çimərlik mövsümü BAŞLAYIR – Bu il vətəndaşları hansı “SÜRPRİZ”LƏR GÖZLƏYİR?

Hazırda oxunan: Çimərlik mövsümü BAŞLAYIR – Bu il vətəndaşları hansı “SÜRPRİZ”LƏR GÖZLƏYİR?

140241

Yay mövsümünün  başlamasi ilə əlaqədar çimərliklər və su hövzələrinin yaxınlığında yerləşən istirahət məkanlarına diqqət artıb. Ancaq vətəndaşlar çimərliklərə üz tutarkən ya ödənişli olduğunu görür, ya da pulsuz çimərlik tapdıqları halda ödənişli xidmətlərin çoxluğundan şikayətlənirlər.

Bəs, çimərliklərin ödənişli və ya gigiyenik cəhətdən əlverişsiz olmasına səbəb nədir?

Mövzu ilə əlaqədar Bizim.Media Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndinin fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Düzgün gün eynəyini necə seçmək olar? – Həkimdən VACİB MƏSLƏHƏTLƏR

 
Onun sözlərinə görə, hazırda qeyd olunan çatışmazlıqlara səbəb “Turizm haqqında” Sərəncamda qeyd edilən bir sıra vacib məsələlərin öz həllini bu günədək tapmaması və bu sahəni tənzimləyən hüquqi bazanın yaradılmamasıdır:

“Yada salmaq istərdim ki, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbayca Respublikası Prezidentinin Sərəncamı 30 mart 2017-ci ildə imzalanmışdır. 

Bu Sərəncama istinadən ölkədəki çimərlik turizminə aid bir neçə istiqamətdə aparılan işlər nəzərdə tutulub:

Çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi;
Çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;
Çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi;
Ətraf mühiti mühafizə tədbirləri;
Təhlükəsizlik tədbirləri.

Sərəncamda bu tədbirlərin görülməsi bir sıra dövlət qurumlarına tapşırılıb. Lakin, mənim fikrimcə, Sərəncamda qeyd edilən məsələlərin icrası qismən aparılıb”.

Ekspert bildirir ki, hazırda çimərlik turizmi parakəndə şəkildə fəaliyyət göstərir və qaydalar, standartlar, tələblər genişmiqyasda pozulur: 

“Bu qaydaların pozulması nəticəsində vətəndaşların da hüquqları pozulur. Misal üçün Sərəncamın 2.6. bəndində qeyd edilir ki, çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görülməlidir. Buna baxmayaraq, sözügedən qayda hələ də tədbiq edilməyib, ödənişsiz, bələdiyyələrə aid çimərliklər yaradılmayıb, olanlar isə qənaətbəxş vəziyyətdə deyil.

Bir çox çimərlik əraziləri hasara alınıb, müxtəlif xidmətlər təklif edən ödənişli məkanlara çevriliblər. Yalnız ətraf mühitin mühafizəsi və təhlükəsizlik məsələlərinə barmaqarası baxılır. Baxmayaraq ki, biz də bu istiqamətdə bir sıra təkliflər irəli sürüb, araşdırmalar aparmışıq. Lakin bu günədək ölkədə çimərlik ərazilərinin və sahilboyu istirahət, qida, əyləncə xidmətləri təklif edən müəsissələrin nə yerli, nə də ki, beynəlxalq standartları tətbiq edilməyib”.

Samir Dübəndi hesab edir ki, ölkədə çimərlik turizmini regiondakı sahilboyu istirahət məkanları ilə rəqabətə dözümlülüyünü təmin etmək üçün xeyli vəsait xərclənməlidir və müvafiq qurumların bu sahədə məsuliyyətləri, vəzifələri yenidən müəyyən edilməlidir:

“Misal üçün, Sərəncamın 5.3. bəndində qeyd edilir ki, çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməlidir. Bu işlərin aparılması bahalı texnika və digər avadanlıqları, yeni standartların hazırlanmasını və s. kompleks tədbirlərin görülməsini tələb edir. 

Ölkədə bir neçə nümunəvi infrastrukturu olan çimərlikləri çıxmaq şərtilə, digərləri heç də ürəkaçan mənzərə yaratmırlar. Qiymətlər və təklif edilən xidmətlər arasında mütənasiblik pozulur, qeyd etdiyim kimi təbiətin mühafizəsi və təhlükəsizlik normaları təmin edilmir., 2017-ci ildə imzalanmış Sərəncamın maddələrindən irəli gələn işləri ölkədə yalnız “Sea Breeze” istirahət kompleksi təmin edə bilib.

Digərlərində isə bu və yaxud digər qaydalara yarımçıq əməl edilir, ətraf mühitə və insanların sağlamlığına ciddi təhdidlər yaranır”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO