Son vaxtlar sosial şəbəkələrdə yerləşdirilən iş elanlarının bir çoxunun əcnəbi dildə olduğunu görürük. Bu isə insanlar arasında müəyyən suallar doğurur. İnsanlar soruşurlar ki, əgər iş yeri Azərbaycandadırsa elan niyə ingilis və rus dillərində verilir?
Məsələyə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, işəgötürənlərin əcnəbi dildə elan verməsinin bir neçə səbəbi var:
“Əvvəla ona görə ki, müasir texnologiyanın dili ingilis dilidir. Təsadüfi deyil ki, bütün peşələr texnologiyaya inteqrasiya edib. Və çox təəssüf ki, texnologiya dili bu gün Azərbaycan dili deyil. Texnologiya sahəsində biz ən çox məlumatı ingilis dilində əldə edirik. Rus dilində də məlumatlar az deyil. İşəgötürən də gələcək əməkdaşını daha da inkişaf etməsinə təminat üçün əcnəbi dili bilməsini vacib hesab edir.
Dünya ilə kommunikasiya dili əcnəbi dillərdir. Necə deyərlər, bu gün böyük biznesin dili ingilis dilidir. İstənilən iddialı şirkət dünya bazarına çıxmaq istəyir. Dünya bazarına çıxmaq üçün isə həmin şirkətin əməkdaşları ən azı ingilis dilini mükəmməl bilməlidir. Əməkdaşın daha çox dil bilməsi şirkətin daha çox əlaqə qurması və inkişaf etməsi deməkdir”.
Elvin Abbasov onu da qeyd edib ki, biz MDB məkanında rus dilində daha çox danışan ölkələr sırasındayıq:
“Burda pis bir şey yoxdur. Çünki, bizim yaxın çevrəmizdəki dövlətlərlə əlaqə qurmağımız üçün rus dilini bilmək önəmlidir. Nəzərə alaq ki, yaxın gələcəkdə bütün peşələr süni intellektlə əvəz olunacaq. Süni intelektin dili isə ingilis dilidir. Hələ ki, süni intelektin ən yaxşı başa düşdüyü dil ingilis dilidir. İkinci yaxşı başa düşdüyü dil rus dilidir. Türk dili də pis deyil. Amma türk dili texnologiya dili deyil.
Şirkətlər də bunun fərqindədir. Ona görə də iş elanları əcnəbi dildə yayımlanır. Mənim apardığım müşahidələr göstərir ki, Gürcüstanda gənclərin əksər hissəsi ingilis dilini bilir. Bu da onlara imkan verir ki, beynəlxalq aləmdə daha tez iş tapsınlar. Ukraynada da həmçinin. Əksəriyyət gənclik ingilis dilində sərbəst danışır. Bizdə isə ingilis dilini bilmə faizi qonşu dövlətlərlə müqayisədə aşağıdır”.
Assosiasiyanın sədri onu da əlavə edib ki, burda söhbət ana dilinə hörmətsizlikdən getmir:
“Burda söhbət texnologiyanın dilindən gedir. Təbii ki, hər bir azərbaycanlı ana dilimizi səlis və qramatik cəhətdən bilməlidir. Bu onun vətəndaşlıq borcudur. Amma biznesin dili Azərbaycan dili deyil. Daha çox böyümək və inkişaf etmək üçün ingilis dilini bilməyimiz vacibdir.
Resurslar daha çox hansı dildədirsə və dünya daha çox hansı dildə danışırsa, biz də o dili mükəmməl bilməliyik. Biz ingilis və rus dilini ən azından ikinci və üçüncü dil kimi bilməliyik. Biz toplum olaraq aparıcı dünya dillərinə inteqrasiya olmasaq çox da irəli gedə bilməyəcəyik. Gəlin bu reallıqla barışaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 07.06.2023
İş elanlarının əcnəbi dildə verilməsinin SƏBƏBLƏRİ – Bu dilimizə hörmətsizlikdir, YOXSA?
Hazırda oxunan: İş elanlarının əcnəbi dildə verilməsinin SƏBƏBLƏRİ – Bu dilimizə hörmətsizlikdir, YOXSA?
Hazırda oxunan: İş elanlarının əcnəbi dildə verilməsinin SƏBƏBLƏRİ – Bu dilimizə hörmətsizlikdir, YOXSA?
140225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.