“Uzun illərdir Azərbaycanda təhsil ekspertləri dünya təcrübəsinə uyğun olaraq buraxılış imtahanlarının qəbul imtahanları ilə birləşdirilməsini təklif edirlər. Təkliflərin reallaşmamasına səbəb buraxılış imtahanlarının Təhsil Nazirliyinin, qəbulun isə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi idi. İndi bu proses mərkəzləşdirilib”.
Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında birpilləli imtahanın tətbiqinin vacibliyini bildirir: İki imtahan əlavə vəsait və gərginlikdən başqa bir şey deyil.
Buraxılış imtahanından bir ay keçməmiş həmin materiallar qəbul prosesində təkrarlanır. Mart ayından başlanan buraxılış, qəbul imtahanları, ikinci müsabiqə şansı, qabiliyyət imtahanı, əlavə plan yerlərinin dolması prosesləri yaya qədər davam edir. Sonra yeni dərs ili başlayır və məzunların dincəlməyə vaxtı qalmır. Təhsilin məqsədi təkcə insanlara bilik, savad verməklə məhdudlaşmamalıdır. Məzunun sağlamlığı da önəmlidir. Yaxın gələcəkdə vahid imtahan forması tətbiq olunacaq.
Dünya təcrübəsində ali məktəblərə qəbulun sadələşdirildiyini, ancaq buraxılışda tələblərin ciddiləşdiyini qeyd edən ekspert bildirib ki, “Adambaşına düşən ali təhsillilərin sayına görə inkişaf etmiş ölkələrlə rəqabət aparırıq. Məqsəd ali təhsilin hamı üçün əlçatan edilməsi, neft kapitalını insan kapitalına çevirməkdir”.
Təranə Mirzəyeva, Bizim.Media