Tarixi dahilər yaradır. Cəmiyyətsə o tarixi yaşayır. Tale elə gətirib ki, biz də dahi bir şəxsiyyətin yaratdığı tarixi yaşamışıq. Onun yaratdığı tarixə şahidlik etmişik. Yaşadığımız qürurlu tarixi yazansa ümummilli lider Heydər Əliyevdir. Dahi öndər təkcə Azərbaycan dövlətinin memarı, qurucusu deyil, o həm də bir çox beynəlxalq əhəmiyyətli layihələrin müəllifidir.
Bu layihələrdən bəhs etməzdən əvvəl bir xatirəmi bölüşmək istəyirəm. Uzaq Şərqdə hərbi xidmətdə idim.
1985-ci ilin soyuq qış günü idi. Hərbi hissə komandiri məni yanına çağırdı. Uca səslə “Təbrik edirəm, Heydər Əliyeviç SSRİ-nin rəhbəri olur”,– dedi. Bir anlığa sevincdən donub qaldım. Çaşqınlığımı görən komandir–“Xəbərin yoxdur? Podqornı dünyasını dəyişdi. Əliyevdən başqa da namizəd ola bilməz. Bu dövləti ancaq o xilas edə bilər. Necəki, Uzaq Şərqi xilas elədi. Heydər Əliyev olmasa idi BAM-ın tikintisi yenə yarımçıq qalacaqdı. Ancaq o bu işin öhdəsindən gələ bilərdi və gəldi də ”, – dedi.
Heydər Əliyevi sovet xalqları xilaskar kimi görürdü
Həmin gün hərbi hissədə bizim üçün bayram idi, hər kəs bizi təbrik edirdi. Onların arasında, hətta ermənilər də vardı. Bu da təsadüfi deyildi. Çünki o zaman SSRİ-nin bütün bölgələrində, eləcə də hərbi xidmət keçdiyimiz Uzaq Şərqdə hesab edirdilər ki, düşdüyü iqtisadi-siyasi böhrandan sovet xalqlarını ancaq Heydər Əliyev xilas edə bilər. Bunu SSRİ hökümətində ikinci sima olan Heydər Əliyev öz fitri istedadı və qeyri-adi iddarəetmə bacarığı ilə sübut etmişdi.
Lakin sovet xalqının istəyi baş tutmadı və Qərbin layihəsi olan Mixail Qorbaçov SSRİ rəhbərliyinə gətirildi.
Sovet xalqlarının Heydər Əliyevi sevməsinin bir neçə səbəbi vardı:
Birincisi, Heydər Əliyev böyük və zəngin idarəçilik təcrübəsinə sahib idi.
İkincisi, SSRİ rəhbərliyində o zaman ən nüfuzlu və cavan iki şəxsdən biri Heydər Əliyev idi.
Çünki yaşlı rəhbərlərin özləri kimi düşüncə və yanaşma tərzləri də qocalmışdı. Sovet xalqları isə ölkəni düşdüyü çətin iqtisadi vəziyyətdən çıxarda biləcək enerjili və müasir düşüncəli lider arzusunda idi. Bu istəklər yekunda Heydər Əliyev şəxsiyyəti üzərində dayanırdı.
Üçüncüsü, Heydər Əliyevin baxış bucağı insanlar üçün daha cəlbedici idi. Ona görə ki, onun baxış bucağı insan faktoruna fokuslanırdı. Onun üçün insan amili, insanların taleyi bütün vəzifə və partiya öhdəliklərindən yüksəkdə dururdu. Buna görə də SSRİ-də ötən əsrin 80-ci iiərində Heydər Əliyevə xilaskar kimi baxılırdı.
Çernobıl AES-dəki partlayış necə lokallaşdırıldı?
Sovetlər Birliyinin sakinləri bu gün iki faka görə Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırlar.Bunlardan biri Çernobıl dəhşətlərinin nəticəsinin qısa zamanda aradan qaldırılması idi. Şahidlər etiraf edirlər ki, Heydər Əliyev olmasa idi 1986-cı ilin aprel ayının 26-da Çernobıl AES-də baş verən partlayışın nəticələri daha dəhşətli, daha faciəli ola bilərdi. Qeyd edək ki, sovet hökümətinin AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü Heydər Əliyev idi.
Heydər Əliyevin sivilizasiya qarşısında ikinci böyük xidməti isə dünyanın ən uzun nəqliyyat dəhlizi olan Baykal-Amur Magistralının tikintisini uğurla başa çatdırması idi.
Heydər Əliyev BAM-ın qurucusu kimi
BAM-ın inşası Avropanın və çar Rusiyasının çoxəsrlik arzusu idi. Çünki Qərblə Şərqi birləşdirəcək heç bir dayanıqlı kommunikasiya xətti yox idi. Yüklər Şərqdən Qərbə və əks iqtiqamətə əsasən gəmilər vasitəsilə daşınırdı. Bu da həm üzun vaxt aparırdı, həm də iqtisadi cəhətdən səmərəli deyildi.
Ona görə də nəhəng Avrasiya dəhlizinin yaradılması həyati əhəmiyyət daşıyırdı. İlk dəfə bu layihənin inşası ideyası 1887-ci ildə irəli sürüldü. Həmin ideyaya görə, Trans-Sibir Dəmir Yolu indiki BAM-ın yerinə getməli idi. Lakin çətin coğrafi relyef və böyük investisiya tələbi uzun illər bu ideyanı ertələdi. Nəhayət, SSRİ höküməti 1940-cı ildə bu təşəbbüsün reallaşdırılmasına başladı. Lakin bir il sonra başlanan müharibə bu layihəni yarımçıq qoydu. Sovet hökuməti BAM-ın tikintisinə yalnız 1974-cü ildə qəti qərar verdi.
Bu nəhəng layihənin inşası mərkəzi hökümətin təşkilatçılığı ilə yanaşı, həm də müttəfiq respublikaların yardımı ilə aparılırdı.
O zaman Azərbaycandan da BAM-ın inşasına könüllü inşaat briqadaları qoşuldu. İttifaq respublikaları arasında aparılan bölgüyə əsasən azərbaycanlıların öhdəsinə 209 kilomert uzunluğunda dəmir yolunun inşası düşmüşdü. Qeyd edək ki, yalnız Azərbaycan və Belarus inşaatçıları tərəfindən götürülən öhdəlik yerinə yetirildi.
Digər müttəfiq respublikalar öz vəzifələrini layiqincə icra edə bilmədi. Ona görə də nəhəng nəqliyyat dəhlizinin tikintisində yenidən durğunluq yarandı. Ən başlıcası çətin və keçilməz coğrafiyaya malik ərazidə olan xarici şirkətlər işləməkdən imtina etdi.
Bu zaman mərkəzi hökümət hərəkətə keçdi. Tikinti işlərinin sürətlə və keyfiyyətlə aparılması üçün sovet hökümət Dövlət Komissiyası yaratdı.
Komissiyaya isə gözlənildiyi kimi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev sədr seçildi. Beləliklə, 1983-cü il martın 4-də Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə komissiyasının iclasında onun tikintisinin ən aktual məsələləri müzakirə olundu. Bəlli oldu ki, tikinti prosesində ciddi problemlər var. Vəsait, işçi qüvvəsi və texnika çatışmazlığı səbəbindən inşaat işləri ləng gedir. Magistralın insasındakı bütün problemləri təhlil edən Heydər Əliyev ilkin olaraq mərkəzi hökümətdən lazımi səviyyədə vəsaitin ayrılmasına nail oldu.
BAM dünyanın ən bahalı inşaat əsəridir
BAM-ın tikintisinin ümumi dəyəri 17,7 milyard rubl idi. Nəzərə alaq ki, o zaman 1 dollar 70 sovet qəpiyi idi. Dahi öndər podaratçı təşkilatların rəhbərləri ilə mütəmadi olaraq görüşür, onları diqqətlə dinləyirdi.
Nəticədə tikinti təşkilatlarına əlavə ödənişlər edildi, işçilərin əmək haqqı bir neçə dəfə artırıldı. Bundan əlavə stimullaşdırıcı tədbirlər görüldü. Bununla kifayətlənməyən dahi öndər işlərin gedişi ilə yaxından tanış olmaq üçün özü şəxsən Uzaq Şərqə gəldi. Burada çalışan insanlarla birbaşa ünsiyyət qurdu. Məlum oldu ki, vəziyyət çox acınacaqlıdır. İşçi qüvvəsi çatmadığından dustaqlar inşaat işlərinə cəlb edilib. Hətta yerli polis işçiləri də çox zaman fəhlə qismində işlərə cəlb edilir. Bundan əlavə, işçilərin taxta baraklarda yaşadığı və çox zəif qidalandığı üzə çıxdı.
Kommunal xidmətdənsə danışmağa dəyməzdi.
Heydər Əliyevin göstərişi ilə birinci növbədə tikintidə çalışanların yaşam şəraiti yaxşılaşdırıldı. Qurama evlər tikildi. Ən əsası yaşayış məntəqələrinin istilik problemi həll edildi. Hər məntəqədə qazanxanalar inşa edildi. Çünki Uzaq Şərqdə havanın temperatutu -50 dərəcəyə qədər yüksəlirdi.
Eləcə də insanların təhlükəsizlik məsələsi öz həllini tapdı. Şahidlər öz xatirələrində yazırlar ki, dərin və ucsuz-bucaqsız tayqa meşələrində çox sayda vəhşi heyvanlar vardı. Həmin heyvanlar nəinki gecə, hətta gündüz saatlarında inşaatçılara hücum edirdi. Əli yalın insanlarsa bu hücumların qarşısında çox zaman aciz qalırdı. Bu səbəbdən BAM-ın inşasında onlarla insan həyatlarını itirmişdi. Bu problemi öyrənən Heydər Əliyev insanların təhlükəsiliyinin təminatı üçün müvafiq göstəriş verdi. Milislərə və inşaat briqadalarına silah paylanıldı.
Əsrin möcüzəsi - Severomuyski tuneli
Severomuyski ərazisində tikintini xarici şirkətlər aparırdı. Ərazi dərin bataqlıq idi, həmçinin tez-tez tektonik hadislər baş verirdi. Ona görə də əcnəbilər bu layihənin inşasından imtina edirdilər. Bunu eşidən Heydər Əliyev təcili Severomuska gəlir. Heydər Əliyev tikinti sahəsində olanda ona yaranmış çətinliklərdən– ağır torpaq, qrunt suları və qaz tullantılarından danışırlar.
Vəziyyəti nəzərdən keçirdikdən sonra o, mühəndislər və fəhlələr ilə birlikdə yerində iki əlavə döngə tunelinin tikintisinə qərar verilir. Nəticədə 15 kilometr uzunluğunda bir tunelin tikintisi ərsəyə gəlir. Bu infrastruktur obyekti hələ də dünyanın ən mürəkkəb obyektlərindən biri hesab olunur.
Təbii ki, görülən tədbirlər öz nəticəsini verdi. 29 sentyabr 1984-cü ildə Şərqdən və Qərbdən üz-üzə çalışan və 3000 kilometrdən çox rels çəkən inşaatçılar ortada–Balbuxta qovşağında görüşdülər. İlk təmas 29 sentyabr 1984-cü ildə baş verdi və iki gün sonra, oktyabrın 1-də, 40 kilometr şərqdə, Kuanda stansiyasında rəsmi bayram keçirildi, rəsmi açılış oldu- “qızıl keçid” baş tutdu. Təbii ki, açılış mərasiminə Azərbaycanın böyük oğlu Heydər Əliyev başçılıq edirdi. Bu təkcə BAM inşaatçılarının deyil, bütün Qərb və Şərq dövlətlərinin bayramı idi. Çünki tarixin ən böyük tranzit yolu istifadəyə verilirdi.
BAM rəqəmlərin dili ilə
BAM 4324 kilometr dəmir yolunun, minlərlə körpünün, stansiyaların, yeni şəhər və qəsəbələr yaranmasına səbəb oldu.
4324 kilometr dəmir yolu xəttinin 1242 kilometri Amur vilayətinin ərazisindən keçir. Halbuki, bu vaxtadək bu ərazidə heç zaman dayanıqlı kommunikasiya xətti olmamaışdı. Yüzlərlə çay üzərindən 2230 körpü salındı. Onlardan 11-i çox böyük körpülər idi. Bundan başqa BAM üzərində 200 dəmir yolu stansiyası və siding, 60-dan çox şəhər və qəsəbə salındı. Ən maraqlısı da o idi ki, BAM-ın inşası zamanı 8 tunel qazıldı. Müxtəlif uzunluqda olan tunellərin ən nəhəngi Severomuisky tuneli idi. Onun uzunluğu 15,343 kilometrdir.
BAM-da azərbaycanlıların izi
Heydər Əliyev inşaat sektorunda çalışanların əməyini stimullaşdırmaq üçün müxtəlif tədbirlər görürdü. Onlardan biri də SSRİ-nin hər yerindən gələn inşaatçıların çoxmillətli tərkibinin inşa olunan stansiyaların memarlığında, xarici görünüşünün milli ornamentində öz əksini tapması idi.
Nəzərə alaq ki, BAM dünya xalqlarının ən çox təmsil olunduqları bir layihə idi. Dünya tarixində bu qədər çoxmillətli başqa dəhliz tikintisi hələ ki, qeydə alınmayıb. Təsadüfi deyil ki, BAM-ın 210-cu kilometrliyində Ülkan dəmir yolu stansiyası və ona bitişik eyniadlı kənd azərbaycanlılar tərəfindən tikilib.
Bütün işlər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilib. Onun tapşırığına əsasən, “AzBAMstroy” SMU “Ülkan” stansiyasının binasının dekorasiyasında Azərbaycan ornamentlərindən istifadə edilib. Burada milli izlər hər yerdə aydın şəkildə hiss olunur.
“Ülkan” azərbaycanlı inşaatçıların tikdiyi yeganə stansiya deyil. İkincisi isə BAM-ın ən böyük stansiyalarından birinə çevrilən Anqoy, eləcə də eyniadlı kənddir. Təsadüfi deyil ki, bu nəhəng dəhlizin inşasında çalışanların bir çoxu sonradan talelərini bu yerlərə bağladılar. Məsələn, Anqoy qəsəbəsinin hazırda hər 3 sakinindən biri azərbaycanlıdır.
Heydər Əliyev ideyalarının təcəssümü olan BAM hazırda dünyanın ən nəhəng nəqliyyat dəhlizidir
Hər il bu dəhlizdən ən azı 40-50 milyon ton yük daşınır. Pandemiya və beynəlxalq sanksiyalar olmasa idi, 2020-ci ildə BAM-ın illik yükdaşıma qabiliyyəti 144 milyon tona çatacaqdı. Bundan əlavə, ildə bu nəqliyyat dəhlizi vasitəsi ilə 12 milyon sərnişin daşınır. Yüksək keyfiyyətli kokslaşan kömürlərin 57,5 milyard ton qiymətləndirilən ehtiyatlara malik Cənubi Yakutisk yataqlarının istismarında və daşınmasında BAM-a ümidlər böyükdür. Eləcə də Şərqin zəngin mineral və digər təbii ehtiyatlarının daşınmasında da BAM əsas faktordur.
Təbii ki, qədirbilan insanlar BAM-ın araya-ərsəyə gəlməsində Heydər Əliyevin xidmətlərini heç zaman unutmurlar. 2008-ci il iyulun 18-də magistralın 1181-ci kilometrliyində Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasına Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
BAM-ın inşasının başa çatmasından 40 ilə yaxın vaxt keçir. Lakin bu nəhəng layihə və onun əsas memarı olan Heydər Əliyev bu gün də ehtiramla anılır.
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin danışır ki, Heydər Əliyev SSRİ hökumətində və Sov. İKP MK Siyasi Bürosunda əsasən tikintiyə cavabdeh idi:
“Onu ilk dəfə BAM-ın şərq hissəsinin tikintisində gördüm, tanış oldum. Heydər Əliyev kilometrlərdən, kilotonlardan və kubmetrlərdən daha öncə, insanların necə yaşadığı ilə maraqlanırdı. Onların nə yedikləri, evlərində istiliyin olub-olmaması, uşaqların məktəbə getməsində problemin olub-olmamasına qədər hər şeylə maraqlanırdı. Bir sözlə, Heydər Əliyev üçün əsas insan faktoru idi. BAM Heydər Əliyevin şah əsəridir. O olmasa idi yəqin ki, bu nəhəng layihə yenə yarımçıq qalacaqdı. Və biz indi Şərqi Rusiyaya həsrətlə baxardıq”.
Surxay Atakişiyev, Bizim.Media
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 05.06.2023
BAM Heydər Əliyevin ŞAH ƏSƏRİDİR
Hazırda oxunan: BAM Heydər Əliyevin ŞAH ƏSƏRİDİR
Hazırda oxunan: BAM Heydər Əliyevin ŞAH ƏSƏRİDİR
139828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.