Xəbər verildiyi kimi özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır. Məsələ ötən gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, özbaşına fərdi ev tikən fiziki şəxslər 500 manatadək cərimələnəcəklər.
Hər kəsə bəllidir ki, Azərbaycanda icazəsiz torpaq sahəsi almaq mümkün deyil. Fərdi ev tikilməsi üçün ilk nöbədə torpağın alınmasına icazə verilməlidir ki, bu səlahiyyət yerli bələdiyyə və ya icra hakimiyyəti orqanlarındadır. Ekspertlər hesab edir ki, cərimə tətbiqi təkcə fərdi ev tikən fiziki şəxslərə deyil, özbaşına torpaq sahələrini paylayan müvafiq icra orqanlarına da şamil olunmalıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, burada məqsəd qanunsuz tikililərin qarşının alınmasdır:
MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdəki mənzillər BAHALAŞACAQ – AÇIQLAMA
“İcra hakimiyyətlərinin tikinti aparılması üçün vətəndaşa torpaq sahəsi ayırma səlahiyyəti yoxdur. Yalnız bələdiyyə, o da hərrac yolu ilə torpaq verə bilər. Torpaq mütləq təyinatı üzrə istifadə olunmalıdır. Yaşayış məntəqəsi təyinatlı torpaqdırsa, o da hərrac qaydasında verilmiş torpağa aiddir.
Hesab edirəm ki, yaxın gələcəkdə qanunsuz tikililərin qarşısı alınacaq və sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq. Hələlik müzakirə olunan məsələnin mahiyyəti ondan ibarətdir ki, belə bir qərar qanunsuz tikililərin sürətlə sayının artmasının qarşısını almağa xidmət edir.
Qanunsuz tikililərə isə yol verən bələdiyyələr, yerli icra hakimiyyəti və icra hakimiyyətlərin nümayəndəlikləridir. Məqsəd ondan ibarətdir ki, artıq o qurumlar da belə əməllərdən yayınsınlar”.
Ramil Osmanlının fikrincə, özbaşına fərdi ev tikintisinə görə cərimə tətbiqi vətəndaşla birgə yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə də şamil olunmalıdır:
“Qanunvericilikdə bu məsələlər nəinki inzibati, həmçinin cinayət prosessual qanunvericiliklə tənzimlənir. Belə bir fakt aşkar olunduğu təqdirdə müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanına, yaxud onun ayrı-ayrı vəzifəli şəxslərinə qarşı araşdırma başlayır. Qanunsuz və sənədsiz tikililərin artmasında yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrin birbaşa rolu var”.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 min manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə də cərimə müəyyənləşir.
Layihəyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 manatdan 25 min manatadək cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Alçina Amilqızı, Bizim.Media