"1991-ci ildə Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonu burada yerləşmişdi" - sözləri yazılan lövhə Ağdam rayonunun Əlimədədli kəndi ərazisində yerləşir.
Ağdamın şəhər mərkəzindən təxminən 35 km məsafədə yerləşən bu kənd 1993-cü ilin iyun ayında Ermənistan ordusu tərəfindən işğal edilərək tamamilə yerlə-yeksan edilib. Digər ətraf kəndlərə nəzər saldıqda erməni vandalları buranın hər qarışında öz "imza"larını qoyublar.
Səbəb isə çox qabarıq şəkildə ortadadır: Bəli, kəndin, rayonun, hətta ölkənin müxtəlif bölgələrindən toplaşan qəhrəman Vətən oğulları burada yaradılan özünümüdafiə batalyonunun qərargahından döyüşə yollanıb.
Həmin tarixin canlı şahidlərindən olan, Qarabağ müharibəsi qazisi Rəy Kərimoğlu qeyd edib ki, qərargahın burada qurulmasının bir neçə səbəbi olub:
“Onların ən başlıcası isə ərazinin strateji əhəmiyyətli olmasıdır. Bir tərəf Ağdərə, bir tərəf isə Xocalı-Xankəndi idi. Milli Qəhrəman Şirin Mirzəyevin ilk könüllü batalyonunu burada yaratmaqda məqsədi operativliyin təmin edilməsi idi. Yəni batalyon bütün istiqamətlərə daha tez çatıb, müdafiə döyüşlərini təmin edirdi.
Ağdam 136 saylı peşə məktəbinin bazasında yerləşən bölmələr ilk aylarda demək olar ki, çatışmazlıqlar içində boğulsa da Ermənistan ordusunun bir çox hücum əməliyyatlarının qarşısını alaraq düşmənə ağır itkilər verdirməklə geri oturtdub.1991-ci ilin avqust ayında ilk dəfə Şirin Mirzəyev Ağdama gəlib və sentyabrın 4-də Ağdam əlahiddə ərazi özünümüdafiə batalyonunun təməlini qoyub.
Sentyabrın 12-də isə rəsmi olaraq batalyonunun mövcudluğu təstiqlənib. Həmin dövrlər batalyonunun bölmələri Ağdamın müxtəlif kənd və ərazilərdə topladıqdan sonra, 1991-ci ilin oktyabrında bütün bölmələrin bura köçürülməsi qərarı qəbul edildi.
Həmin dövrdə batalyonunun cəmi 94 atıcı silahı vardı. Buna baxmayaraq biz, Ağdərədə, Xocavənddə müdafiə döyüşləri aparırdıq”.
Qərargahın yerləşdiyi ərazilərdən asılı olmayaraq Ağdamın müxtəlif kəndlərindən və ölkənin bir çox bölgələrindən gələn könüllülər şəxsi heyətin sürətlə artmasına səbəb olur. Sonralar Şirin Mirzəyev adına alaya çevrilən birlikdə yüzlərlə şəhid verərək kəndin işğal gününə qədər burada yerləşir. Düşmən ordusuna ağır zərbələr endirən alayın yerləşdiyi ərazilərdə daha ağır vandallıq əməllərinin törədilməsinin bir səbəbi də elə bu idi.
Ərazidəki lövhə isə 2021-ci ilin sentyabrında, şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadənin təşəbbüsü ilə asılıb. Çünki Murov Qartalı ləqəbli şəhid zabitin özü də bu ərazilərdə doğulub və ilk dəfə əsgər olaraq burada döyüşə qatılıb.
Gələcəkdə isə burada xatirə abidəsinin inşa edilməsi məqsədə müvafiq hesab olunsa da hələ ki, rəsmi olaraq heç bir fikrin olmadığı deyilir.
Ümid edirik ki, burada ölkənin ilk milli ordusunun yaranma yerinə həsr edilmiş abidə nəzərdə tutulur.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 27.05.2023
İlk özünümüdafiə batalyonumuz burada yerləşirdi... – FOTOREPORTAJ
Hazırda oxunan: İlk özünümüdafiə batalyonumuz burada yerləşirdi... – FOTOREPORTAJ
Hazırda oxunan: İlk özünümüdafiə batalyonumuz burada yerləşirdi... – FOTOREPORTAJ
138154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.