Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilib.
Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək, ölkəmizə yüksək etimad göstərildiyinə görə BNF-yə üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib. Eləcə də Azərbaycanın BNF-yə prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib.
Rəhman Hümmətov, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb.
Ölkəmizin yüksək nüfuza malik olan beynəlxalq təşkilata prezident seçilməsi bir daha Azərbaycanın regionda və dünyada, xüsusən də nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunun təzahürüdür.
Beləliklə, ölkəmiz təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı qazanıb. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 2022-ci ildə təşkilata müraciət olunaraq ölkəmizin 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidentliyinə namizədliyi qeydə alınıb.
Azərbaycan 2025-2026-cı illər üçün BNF-in prezidenti seçilməsi ilə 2023-2024-cü illər üçün vitse-prezident, 2024-2025-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək.
Eyni zamanda, ölkəmiz tərəfindən BNF-in “Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyası”nın tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa vurması təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib.
Sammit çərçivəsində nazir müavini Rəhman Hümmətov Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim ilə ikitərəfli görüş keçirib.
Görüşdə Azərbaycanın prezidentliyi dövründə görüləcək işlər, eləcə də əsas əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin bir sıra şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə tərəfdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun 66 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən BNF-in həqiqi üzvüdür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 25.05.2023
Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi - FOTO
Hazırda oxunan: Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi - FOTO
Hazırda oxunan: Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçildi - FOTO
137936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.