Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Patı satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib.
Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı 102 xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər.
Bizim.Media-ya müraciət edən 158 nömrəli məktəbin müəllimi Səhər Əhmədova aidiyyəti qurumların sözügedən təhsil müəssisəsini nəzarətə götürmələrini istəyib.
O, deyib ki, 10-cu sinif şagirdi Mehdi Məmmədli onunla bir sinifdə oxuduğu bacısı qızına əməlli-başlı travma yaşadır:
“Bacım qızını bu ilin sentyabrından Kürdəmirdən həmin məktəbə transfer etmişik. Şəhər mühitinə alışmamış hər gün travma yaşayır. Sinif yoldaşı Mehdi Məmmədli onun “gününü qara edib”. Sən demə bir neçə ay əvvəl də qıza bıçaq çəkərək “səni yortaram” deyib. Bacım qızı şikayətlənmədiyi üçün xəbərimiz olmayıb.
Ötən gün aralarında növbəti problem yaşanıb. Mehdi Məmmədli haqda məktəb daxilində heç də xoş sözlər deyilmir. Hamı deyir ki, “patı” satmaqla məşğuldur, dəfələrlə məktəb çantasından qəlyan çıxıb, pis vərdişləri var, 10-cu sinifə isə bütün fənnlərdən “2” qiymətlə çıxıb.
Aşağı sinif şagirdləri belə ondan qorxur, yan gəzir və kriminal uşaq olduğunu deyirlər. Bir sözlə hamıya qənim kəsilib. Məktəb direktoru isə bu vəziyyətə və baş verənlərə susur”.
Səhər Əhmədovanın sözlərinə görə Mehdi Məmmədli bacısı qızına onunla bağlı xoş olmayan ifadələr səsləndirib.
Bundan təngə gələn qız baş verənləri xalasına danışıb və beləliklə Mehdi Məmmədlinin atası ilə müəllim arasında qalmaqal yaşanıb:
“Ona oğlunun “patı” ilə məşğul olduğunu dedim. “Sübut et” deyə üzərimə hücum edərək telefonumu əlimdən aldı. Bütün bunlar isə direktorun otağında baş verdi. İş orasındadır ki, direktor da illərdir hamı üçün problem yaşadan şagirdin atasını müdafiə edir. Tələb edirəm, Bakı Şəhər Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi komissiya göndərsin və məktəbdə baş verənləri araşdırsın. Direktorun isə belə valideynləri niyə müdafiə etdiyi ortaya çıxsın”.
Məsələ ilə bağlı məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə yaratdıq. Danışa bilmədiyini əsas gətirərək bir neçə dəqiqə sonra özü əlaqə yaradacağını desə də, geri dönüş etməyib. Təkrar özümüz əlaqə yaratsaq da, danışmaq istəməyib.
Mehdi Məmmədlinin sinif rəhbəri Mətanət xanım da baş verənlərlə bağlı saytımıza danışıb. O, deyib ki, valideynin müəllimin üzərinə yeriməsi, hücum çəkərək təhqir etməsi düzgün deyildi:
“Mən də oradaydım. Valideyn düz eləmədi. Hətta ağzından söyüşlər də çıxdı. Mən bunun əleyhinəyəm. Cəmiyyətdə müəllimin nüfuzu o qədər aşağı düşüb ki, valideynlər üstümüzə hətta hücum çəkir. Həmin vaxt valideynə də yalvardıq, xahiş etdik ki, oturaq, sakit danışaq. Hər şey ola bilər. Biz valideynlərdən, uşaqlardan hər şey gözləyirik. Mehdinin sinif yoldaşı ilə bağlı problemində isə iştirak etməmişəm. Aralarındakı məsələ tənəffüsdə baş verib”.
Müəllim deyir ki, Mehdi Məmmədlinin bir neçə dəfə də sinif yoldaşları ilə insidenti olub:
“Pilotlaşma olduğu üçün o sinifi bu il götürmüşəm. Adi sinifdir və yığma komanda da deyə bilərik. Mehdi idmanla məşğul olur və belə pis uşaq deyil. Amma narahatçılığı olduğunu gizlədə bilmərəm. Görürsən uşaqlarla deyişir və hərdən kobud zarafatlar edir. Bir neçə dəfə sinif yoldaşları ilə insidentləri olub.
Dəfələrlə danışmışıq, psixoloq da onunla məşğul olub. Nə edək? Məktəbdir və biz də bu şəraitdə işləyirik. Qaldı ki, “patı” iddiasına onun pis vərdişlərini, hansısa alışqanlığını deyə bilmərəm. Oxumağı isə bəli zəifdir”, - deyə sinif rəhbəri əlavə edib.
Xatırladaq ki, bu ilin mart ayında 158 nömrəli orta məktəbdə daha bir qalmaqal yaşanmışdı. Azərbaycan və rus bölümündə təhsil alan 9 və 11-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı şagirdlərdən biri əlindəki bıçaqla aranı sakitləşdirmək istəyən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərovanın üz nahiyəsinə ciddi xəsarətlər yetirmişdi.
Bu insident isə Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət komissiyanın məktəbdə olduğu vaxt baş vermişdi.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 25.05.2023
Bakı məktəbində İNSİDENT – “Patı” satdığı iddia edilən şagirdin atası müəllimə HÜCUM ÇƏKDİ - ÖZƏL
Hazırda oxunan: Bakı məktəbində İNSİDENT – “Patı” satdığı iddia edilən şagirdin atası müəllimə HÜCUM ÇƏKDİ - ÖZƏL
Hazırda oxunan: Bakı məktəbində İNSİDENT – “Patı” satdığı iddia edilən şagirdin atası müəllimə HÜCUM ÇƏKDİ - ÖZƏL
137910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.