“Azər Rusiya uğrunda şəhid olub...” — Ukraynada ölən salyanlı “Vaqner” üzvünün yaxını DANIŞDI – FOTO

“Azər Rusiya uğrunda şəhid olub...” — Ukraynada ölən salyanlı “Vaqner” üzvünün yaxını DANIŞDI – FOTO

Hazırda oxunan: “Azər Rusiya uğrunda şəhid olub...” — Ukraynada ölən salyanlı “Vaqner” üzvünün yaxını DANIŞDI – FOTO

137705

Xəbər verdiyimiz kimi, “Vaqner” silahlı qruplaşması tərkibində Ukrayna müharibəsində döyüşən Salyan sakini Azər Qurbanov Donetskdə gedən döyüşlər zamanı həlak olub. Bir neçə gün öncə isə Azər Qurbanovun son mənzilə yola salınma mərasimi baş tutub. Onunla vida mərasimi Salyanda doğulduğu Qarabağlı kəndində keçirilib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, əslən Azərbaycandan olan Rusiya vətəndaşı Azər Qurbanov bu ilin yanvar ayında həbsxanadan buraxılaraq, Ukrayna ilə müharibəyə göndərilib. Fevral ayının 9-da o, Donetskdə gedən şiddətli döyüşlər zamanı 18 nəfərlə birlikdə həlak olub. Amma ərazi neytral olduğu üçün cəsədlərini götürə bilməyiblər. Yalnız may ayının 4-də onun cəsədi ruslar tərəfindən aşkar edilərək, doğulduğu Salyana göndərilib. 

Mərhum Azər Qurbanovun dayısı Amil Əhmədov Demokrat.az-a açıqlamasında bacısı oğlunun ölümü ilə bağlı bəzi detalları açıqlayıb. 



O bildirib ki, Azər könüllü şəkildə ərizə yazaraq döyüşlərə qatılıb:

“Azər Qurbanov əslən azərbaycanlıdır. O, uzunmüddət idi ki, ailəsi ilə birlikdə Rusiyada yaşayırdı və oranın vətəndaşlığını qəbul etmişdi. Yaşadığı ərazidə tanınan şəxs olub. Lakin 10 il əvvəl Perm vilayətinin Berezniki rayonunda ağır cinayət törətdiyi üçün azadlıqdan məhrum edildi. 

Məndə olan məlumata görə, o, həbsdə olarkən könüllə şəkildə Ukraynaya qarşı döyüşmək üçün ərizə yazıb. Yəni, Rusiya dövləti ilə 6 aylıq müqavilə imzalayıb və bu müqavilədən sonra onun üzərində olan bütün ittihamlar götürülüb. Ərizəni yanvar ayında yazıb, fevral ayında isə döyüşlər zamanı həlak olub. 

O, bir çox ərazilərdə döyüşlərdə iştirak edib. Bildiyimə görə, Azər döyüşlər gedən 3 ərazidə vuruşub. Bunları tam dəqiq bilmirəm, çünki onun hansı ərazilərdə vuruşması ilə bağlı xəbərimiz olmayıb. Ölüm xəbərini də təzə eşitmişik. Elə iki gün öncə “yeddi” mərasimini verdik. Bizə sadəcə zəng vurdular və bildirdilər ki, Azər Rusiya uğrunda şəhid olub. Biz də onun nəşinin Azərbaycana gətirilməsini istədik və dövlət səviyyəsində bura göndərildi. Bizə sadəcə o məlumatı verdilər ki, onlar 3 ay neytral zonada qalıblar, yalnız bu yaxınlarda onları cəsədini oradan çıxartmaq mümkün olub”.



Amil Əhmədov bildirib ki, Azərin döyüşlərə məcburi göndərilməsi ilə bağlı hər hansı bir məlumata sahib deyil:

“Azərin məcburi şəkildə döyüşlərə göndərilməsi ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Çünki onun könüllü şəkildə həbsxanada ərizə yazaraq döyüşə getdiyini bilirəm. Dəfn zamanı onun həyat yoldaşı və iki oğlu da burada idilər. Onlar da dəqiq məlumata sahib deyillər. Ailəsi sənədləri düzəltmək üçün Rusiyaya yollanıb. Orada onun şəhidliyinə görə pensiya kəsilməlidir.

Döyüşlər zamanı göstərdiyi qəhrəmanlığına görə Azər Rusiya dövləti tərəfindən 3 medala layiq görülüb, amma hələ ki, medallar ailəsinə təqdim edilməyib. Bir neçə gündən sonra onun harada döyüşməsi barədə bizə detallı məlumat verəcəklər. Onda sizinlə dəqiq məlumatlara bölüşəcəm. 

Azərin anası hazırda yanımdadır, amma ürək xəstəsidir. Ona görə də danışa bilmir. Həm də oğlu şəhid olan anadır. Hazırda vəziyyəti o qədər də yaxşı deyil. Maraqlandığınız üçün təşəkkür edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO