Bakının yollarında istifadəyə yararsız, bizi ölümə aparan avtomobillər hələ də şütüməkdədir.
İstismar müddəti başa çatan və texniki baxımdan saz olmayan nəqliyyat vasitələri yol hərəkət iştirakçılarını ölümə aparır, desək yanılmarıq.
Belə avtomobillərin istismardan çıxarılması ilə bağlı ölkə başçısı İlham Əliyev 2019-2023-cü illəri əhatə edən dövlət proqramını da təsdiqləyib. Lakin, bu proqramda qeyd edilən məqamlar icra olunmur.
MÖVZU İLƏ BAĞLI:
Bakı gecələrinin qəza xronikası – SƏBƏB QARANLIQDIR!
Mövzu ilə bağlı ekspert Elməddin Muradlı deyir ki, vizual olaraq istsimar müddəti bitmiş nəqliyyat vasitəsinin hərəkətinə yol polisi qadağa qoya bilər:
“Lakin avtomobilin daxili sazlığına baxmaq yol polisinin işi deyil. Onlar heç bunu müəyyən də edə bilməzlər”.
O bildirir ki, istismar müddəti sona çatan sovet maşınları qəzalara daha çox səbəb olur: “Və qəza zamanı belə avtomobillərin içindən sağ çıxmaq mümkün deyil. Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında köhnə avtomobillərin utilizasiya olması qeyd olunur.
Bu proqramla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihə hazırlayır. Özəl şirkət var ki, hökumətə təklifər təqdim etməlidir. Amma hələ bəlli deyil, o şirkət nə iş görür.
Təhlükə saçan nəqliyyat vasitələri yalnız minik avtomobilləri deyil. Bura avtobus, yük maşınları, hətta qoşqular da daxildir. Sovet maşınları daha sadə olduğundan mütəmadi olaraq texniki qulluq tələb edir. Sahibi ona düzgün qulluq etməyəndə o da bir çox bədbəxt hadisələrə səbəb olur”.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə vurğulayır ki, istismar müddəti bitən nəqliyyat vasitələrinin utilizasiyası (çıxdaş) qanunla tənzimlənməlidir:
“Bununla bağlı isə hələlik bir tələb göstərilmir. Avtomobilin utilizasiya olunması sadacə sürücünün razılığına və insafına qalan məsələdir. Hansı sürücü deyər ki, maşınımı gətirmişəm, bunu çıxdaş edək. İndiyə kimi belə hal qeydə alınmayıb.
Qanun olmalıdır ki, sürücü istismar müddəti bitmiş daşınar əmlakını metalloma verəndə ona nə qədər kompensasiya ödəniləcəyini bilməlidir. Qanun layihəsi olmalıdır ki, avtomobilin çıxdaş olunmasnın şərtləri də orada qeyd olunsun”.
Ekspert Elməddin Muradlı Vaqif Əsədovun fikrinə əlavə olaraq deyir ki, qanun layhəsinə ehtiyac yoxdur:
“Prezident tərəfindən təsdiqlənən dövlət poqramının icrasına başlanılsa, problem öz həllini tapmış olacaq. Dövlət proqramı 2019-2023-cü illəri əhatə edir.
Proqramın icrası ilə bağlı 2019-2020-ci illərdə heç bir iş görülmədi. 2021-ci ilin 3 ayını da yaşadıq. Cəmi 2 ildən bir az çox vaxt qalır ki, istismar müddəti bitən sovet maşınları və digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsin”.
Gülşanə Mustafayeva, Bizim.Media