Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarına tez-tez rast gəlirik. Çünki xüsusi parniklərdə yetişdirilən məhsullara, bir çox hallarda normadan daha artıq gübrə, dərman vurulur.
Bazarlarda, yarmarkalarda vitrinə çıxarılan bu cür məhsullar görünüşü ilə alıcıların diqqətini cəlb etsə də, müştərilər üçün onların tərkibini müəyyən etmək müşkül məsələdir.
Bəs, meyvə və tərəvəzlərdən zəhərlənmə ehtimalını necə minimuma endirmək olar?
Məsələ ilə bağlı qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov Bizim.Media ilə fikirlərini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Kimlər çiyələkdən və alçadan uzaq durmalıdır? – AÇIQLAMA
Ekspert bildirir ki, meyvə-tərəvəzin normadan artıq dərmanlanması zəhərlənməyə yol açır. Buna isə əsasən xaricdən idxal olunan və yerli parniklərdə yetişdirilən məhsulların qəbulu zamanı təsadüf olunur:
“Xaricdən idxal olunan meyvə və tərəvəzlərin tərkibində petisitli, yəni dərmanlı məhsullara daha çox rast gəlinir. Yuyulmadan qəbul edildikdə isə həmin bu petisitlər qida zəhərlənmələrinə yol aça bilər. Məsələn, çiyələkdən zəhərlənmələrə daha çox rast gəlinir.
Hətta ölkəmizdə yetişən çiyələklərdə də bəzən qida zəhərlənməsi olur. Bunun da səbəbi bitkinin normadan çox dərmanlanmasıdır. Bəzən məhsulu yetişdirərkən ona müxtəlif cür: böcəklərə qarşı, yabanı otlara qarşı və s. dərmanlar vurulur. Bəzən də fermer bol məhsul əldə etmək üçün dərman vasitələrinə əl atır. Bu isə məhsulun keyfiyyətinə təsir göstərir”.
Ağa Salamovun sözlərinə görə, məhsul alarkən insanlar onu yaxşı yumadan istifadə edir ki, bu da zərərli maddələrin insan orqanizminə nüfuz etməsinə imkan yaradır:
“Məhsul təmiz yuyulmadıqda gözlə görülməyən zərərli dərman vasitələri onun üzərində qalmış olur və orqanizmimizə daxil olur. Bəzən meyvə-tərəvəzlərin təmiz yuyulmaması ölümlə nəticələnə bilir.
Ekspert bəzi insanlarda müəyyən meyvələrə qarşı allergiyanın olduğunu da qeyd edib:
“Bu xüsusilə nəzərə alınması vacib olan məqamdır. Bəzi xroniki xəstəliklərdən əziyyət çəkən, o cümlədən səhhətində problem olan insanlar meyvə-tərəvəz yeyərkən diqqətli olmalıdırlar. Hansı meyvəyə qarşı allergiyanın ola biləcəyi məsələsini isə həkim məsləhəti ilə müəyyənləşdirmək olar”.
Qeyd edək ki, vitrində sərgilənən məhsulların yaxşısını özümüz də təyin edə bilərik. Məsələn, qarpız seçərkən çoxumuz çətinlik çəkirik. Qarpızdakı hörümçək toruna bənzəyən yerlər arıların qarpız çiçəklərini mayalandırarkən toxunduğu yerlərə işarədir. Buna görə də ləkələrin çox olduğu qarpız dadlı və təbiidir.
Qarpız sapının quru olması onun yetişmiş olmasının göstəricilərindəndir. Sapı sarı olan qarpız tarladan yeni çıxandır. Qarpızın üzərindəki sarı ləkələr nə qədər tünddürsə, qarpız o qədər ləzzətli olar. Qarpız seçərkən nə çox böyük, nə də çox balacasını seçmək doğrudur. Orta ölçüdə olması kifayətdir.
Röyanə Oğuz, Bizim.Media