Kürdəmirdə 12 kəndi birləşdirən yol BƏRBAD DURUMDA – FOTO

Kürdəmirdə 12 kəndi birləşdirən yol BƏRBAD DURUMDA – FOTO

Hazırda oxunan: Kürdəmirdə 12 kəndi birləşdirən yol BƏRBAD DURUMDA – FOTO

137467

Kürdəmirin 12 kəndini birləşdirən və yeni salınmış yolun asfalt örtüyünün bir hissəsi yararsız vəziyyətə düşüb. Rayon mərkəzindən təqribən 50 km məsafədə yerləşən və 10 000-dən çox əhalinin mütəmadi olaraq istifadə etdiyi Mollakənd-Axtaçı yolunun bir hissəsi istismara yarasız vəziyyətdədir. 

Bu barədə Bizim.Media-nın Aran bürosuna Dayıkazımlı kənd sakinləri bildiriblər. 

Qeyd edək ki, adıçəkilən ümumi uzunluğu 28 km olan yol dövlət başçısının sərəncamı ilə 2015-ci ildə inşa olunub və dövlət başçısının iştirakı ilə həmin yolun açılışı olub. 


Amma işlərin keyfiyyətsiz aparılması yolun bir hissəsinin dağılmasına səbəb olub. Apardığımız çəkiliş zamanı məlum oldu ki, bu yola asfalt örtüyü sonuncu dəfə 6 il bundan əvvəl vurulub.

Təəssüflər olsun ki, işin keyfiyyətsiz və tez-tələsik görülməsi nəticəsində üstündən az müddət keçməmiş yolda çalalar yaranmağa başlayıb. 

Yüzlərlə sürücü hər gün bu yoldan istifadə edərkən çətinliklə üzləşirlər. Müşahidələrimiz zamanı bəzi sürücülərin avtomobillərinin sıradan çıxaraq yolda qaldığının da şahidi olduq. Yolun bəzi hissələrində çalaların dərinliyi təqribən 25-30 sm çatır ki, bu da avtomobillərin bu yoldan istifadə etməsini mümkünsüz edir. 
Sürüclərin sözlərinə görə hər dəfə bu yoldan keçdikdən sonra avtomobildə müxtəlif nasazlıqlar yaranır. Avtomobillərin ehtiyyat hissələri sıradan çıxır ki, onlar hər dəfə ustaya müraciət edərək əlavə xərcə düşməli olurlar. 


Qeyd edək ki, adıçəkilən 28 km-lik Mollakənd-Axtaçı yolundan rayonun 12 kəndinin o cümlədən Mollakənd, Carlı, Quşlar, Beyi, Xəlsə, Qocalı, Pirəköçə, Dayıkazımlı, Mehdili, Öyləqulu, Qarabucaq və Axtaçı kəndinin ümumlikdə 10 000 dən çox əhalisi mütəmadi olaraq istifadə edir. Sakinlər mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bu günə kimi onların səslərinə səs  verən olmayıb. 

Kənd sakinləri vaxtilə onların sevincinə səbəb olan hazırda isə sıradan çıxmış 28 km-lik Mollakənd – Axtaçı yolunun bir hissəsinin əsaslı təmir olunmasını tələb edirlər. 

Sakinləri dinlədikdən sonra məsələ ilə bağlı Kürdəmir rayon 21 saylı Yol İstismar MMC-yə müraciət etdik.


Yol İstismar MMC-nin müdiri İlham Əzizli Bizim.Media-nın yerli bürosuna bildirib ki, Mollakənd-Axtaçı yolunun 7 km-lik hissəsində yəni yolun Dayıkazımlı kəndi hissəsində təmir bərpa işləri müxtəlif vaxtlarda hissə-hissə görülüb. 

Qurum rəsmisinin sözlərinə görə, sakinləri əsas narahat edən, yolun təqribən 10 km-lik hissəsində olan bərbad vəziyyətlə bağlı isə dövlətə müraciət olunub və yolun hazırki vəziyyəti ilə bağlı məlumat verilib:

“Gələcəkdə dövlət tərəfindən vəsaitin ayrılacağı təqdirdə adı çəkilən yolun əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur”. 


Ümid edək ki, aidiyyatı qurumlar məsələyə müsbət yanaşıb sakinlərin haqlı narazıqlarını aradan qaldıracaqlar. 

Mövzunu diqqətdə saxlayacağıq. 
















Aqil Əsədov, Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO