Qubanın işıqlı siması, jurnalistika təəssübkeşi Tofiq Rüstəmov – Aytəkin Alxaslı yazır...

Qubanın işıqlı siması, jurnalistika təəssübkeşi Tofiq Rüstəmov – Aytəkin Alxaslı yazır...

Hazırda oxunan: Qubanın işıqlı siması, jurnalistika təəssübkeşi Tofiq Rüstəmov – Aytəkin Alxaslı yazır...

136849

Elə insanlar var ki, dünyadan köçsələr də ölümsüz olmağı bacarırlar. Cismən həyatda olmasalar da nəinki tanıyanlarının, sevənlərinin, doğmalarının, hətta barəsində eşidənlərinin qəlbində də əbədi yaşayırlar.

Haqqında danışacağım bu işıqlı şəxsiyyət ötən gün 87 yaşı tamam olan mərhum jurnalist, tərcüməçi, söz adamı Tofiq Rüstəmovdur.

Tofiq Rüstəmovun ədəbi və jurnalistlik fəaliyyətində vəzifə və titulları çoxdur. Biz isə onu unudulmaz müəllim, sevimli dekan kimi xatırlayacağıq.

1936-cı ildə Quba şəhərində doğulan Tofiq Rüstəmov 1979-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univetsitetinin) jurnalistika fakültəsinin dekanı olub. Bu illər ərzində neçə-neçə istedadlı gəncə dayaq olan Tofiq müəllim tələbələrinin xatirində səmimi, həssas, gülərüz, sadə və qayğıkeş bir sima kimi qalıb.

Həmin illərdə jurnalistika fakültəsinə yüzlərlə istedadlı, amma "dayısız" gənclər qəbul olunub ki, onlar indi mətbuat sahəsində uğurla fəaliyyətlərini davam etdirirlər. Məhz ona görə ki, Tofiq müəllim həqiqətən adamsızların adamı, dayısızların dayısı idi.

Təvazökarlıqdan uzaq olsa da bildirək ki, bu sətirlərin müəllifi olaraq mən də 1982-ci ildə jurnalistika fakültəsinə məhz Tofiq müəllimin təmənnasız köməyi sayəsində daxil olmuşam.


İndiki kimi yadımdadır, 1982-ci isti avqust ayında qəbul imtahanı verirdik. Artıq jurnalistika fakültəsinə 7-ci dəfə qəbula gəldiyim üçün dekan Tofiq Rüstəmovdan tutmuş laborantlara qədər hamı məni tanıyırdı.

Azərbaycan dili və ədəbiyyatdan yazılı və şifahi iki imtahandan sonra üçüncü imtahan ingilis dilindən idi. Yaman qorxurdum. İngilis dili kənd məktəbimizdə keçilsə də tam yaxşı bilmirdim. 

İmtahan başlayıb, bilet çəkəndə Tofiq müəllimi imtahan otağına daxil olan gördüm. Sualları bilsəm də cavabım rəhmətlik ingilis dili müəllimimiz, sonradan bizə dərs demiş Şölə Şirəliyevanı qane etməyə bilərdi. Və kəsilə bilərdim. 

Qısası, o böyük insanın sayəsində kəsilmədim və tarix imtahanından da keçib illərdir həsrətini çəkdiyim Jurnalistika fakültəsinə qəbul olundum. Yəni, Tofiq Rüstəmovun sayəsində tələbə adını qazandım.

Tofiq Rüstəmovla bağlı belə faktlar çoxdur.Tofiq müəllim imkanlıların, istedadsızların yox, jurnalistikaya qəlbən bağlı olanların, bizlərin adamı idi.

Mənim kimi neçə-neçə tələbə də o vaxt jurnalistika fakültəsinə qəbul olmuşdu.

61 yaşında qəfil dünyasını dəyişən Tofiq Rüstəmov doğulduğu Quba şəhərindəki məzarlıqda torpağa tapşırılıb. Ötən gün doğum tarixi olan bu işıqlı insan tələbələrinin xatirində əbədi yaşayır. 

Tanınmış jurnalist Müqəddəs Mehdiyevlə Tofiq müəllimi barəsində danışarkən işıqlı bir cümlə işlətdi:

"Tofiq müəllimin məzarı, Qubanın ən işıqlı ziyalı məzarlarından biridir."


Bəli, may ayında doğulan Tofiq Rüstəmov çox işıqlı şəxsiyyət olub. Bu yerdə Azərbaycan Mətbuat Şurasına, Medianın İnkişadı Agentliyinə bir təklifimiz  var.

Ötən il təklifim əsasında Qubada bölgə mətbuatının vəziyyəti ilə bağlı maraqlı bir tədbir keçirili. Bu qurumların rəhbərlərindən oxşar tədbirin bu dəfə də Qubada keçirilməsini və ölkəmizdə geniş jurnalist cameəsinin sevimli müəllimi olmuş Tofiq Rüstəmova həsr edilməsini xahiş edirik.
İnanın, bu tədbirə nəinki şimal bölgəsindən, respublikanın hər yerindən Tofiq müəllimin tələbələri böyük məmnuniyyətlə axışıb gələr...

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO