Ağdam sakinindən ŞİKAYƏT: “Taxılı yerə tökmüsən deyib, kombaynı əlimdən aldılar” – FOTO 

Ağdam sakinindən ŞİKAYƏT: “Taxılı yerə tökmüsən deyib, kombaynı əlimdən aldılar” – FOTO 

Hazırda oxunan: Ağdam sakinindən ŞİKAYƏT: “Taxılı yerə tökmüsən deyib, kombaynı əlimdən aldılar” – FOTO 

136783

Ağdam sakini Ramil Əhmədov aqroservisin yerli filialından şikayətçidir. Hazırda Ağdam rayon ərazisində yerləşən, məcburi köçkünlər üçün salınmış İmamqulubəyli qəsəbəsində yaşayan sakinin sözlərinə görə, hər il icarə əsasında işlətdiyi kombaynı yeni təyin edilmiş müdir əlindən alıb: 

"20 ildən artıq iş təcrübəm var. Demək olar ki, texnikaları saz vəziyyətə gətirməkdə, qurğuların sazlanmasıdan ixtisaslaşmışam. "Aqroservis" MMC-nin Ağdam filialı yaranandan icarə əsasında texnika götürüb evimə çörək qazanıram. Əlimdən isə başqa iş gəlmir. Qalmışam çıxılmaz vəziyyətdə".

Ramilin sözlərinə görə, yeni müdir Rauf Babayev onun şəxsi hesabına xərc çəkib saz vəziyyətə gətirdiyi "New Holland" markalı taxıl biçən kombaynı ondan alaraq öz qohumuna təhkim edib:

"Texnikanı öz hesabıma sazlamışam. Bunu bütün hər kəs bilir. Hansı ki, bu servisin hesabına olmalıdır, kombaynçı sadəcə texnika ilə zəmidə işləməlidir. Ancaq mən özümə də, digər yoldaşlara da köməklik göstərirəm. İşimin ustası olduğum üçün hər zaman fermerlər məndən razı qalıb”.

İndi Rauf müəllim deyir ki, guya mən Çəmənli kəndində biçin işləri apararkən taxılı yerə tökmüşəm. Bu faktla bağlı həmin kəndin bələdiyyəsindən möhürlü sənəd almışam. Bu sadəcə qərəzlilikdir. Ona şikayət edəcəyimi bildirəndə "get əlin hara qəlbidir qoy ora", dedi”. 

Şikayətçi Çəmənli kənd bələdiyyəsinin verdiyi sənədin surətini təqdim etdiyi üçün münasibət öyrənməyə ehtiyac qalmır. 

Bizim.Media-nın əməkdaşı aqroservisin filial müdirindən iddialara münasibət öyrənməyə cəhd göstərsə də, müraciətimiz cavabsız qalıb. İşsiz qalan vətəndaş isə ailə öhdəliklərini heç bir şəkildə ödəyə bilmədiyi üçün necə deyərlər çıxılmaz vəziyyətdə yüksək qurumlardan kömək istəyir.

Mövzunu diqqətdə saxlayacağıq.






























Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO