Yerə velosiped şəkli çəkməklə iş bitmir - Bakıda velosiped yolu niyə alınmır? - FOTO

Yerə velosiped şəkli çəkməklə iş bitmir - Bakıda velosiped yolu niyə alınmır? - FOTO

Hazırda oxunan: Yerə velosiped şəkli çəkməklə iş bitmir - Bakıda velosiped yolu niyə alınmır? - FOTO

13663

2021-ci ilin yanvar ayında iki velosipedçi yol-qəza hadisəsinə səbəb olub. 2020-ci ildə isə belə qəzaların sayı 6-ya çatıb. Onlardan 3 nəfəri həyatlarını itirib. 

Getdikcə velosipedçilərin qəza törətməsi halları mütəmadi hal alır. Vəziyyət artıq cəmiyyətdə narahatçılıq yaratmağa başlayıb.

Velosipedçilərin qəzaya düşməsindən Velosiped Federasiyası da narahatdır.

 

MÖVZU İLƏ BAĞLI:

Mais Ağayev: “Bakıda tramvay xətti çəkiləcək, işlərə başlandı”


Qurumun mətbuat katibi Pərviz Musayev Bizim.Media-ya dedi ki, əsas işləri velosipedi idman növü kimi inkişaf etdirməkdir:

“Lakin zolaqların olmaması da bizi çox narahat edir. Dəfələrlə şifahi və yazılı formada 2010-2011-ci illərdən başlayaraq müvafiq qurumlara müraciətlər etmişik, təşəbbüslər irəli sürmüşük. Təəsüflər olsun ki, bu günə kimi yol infrastrukturu yenilənərkən velosiped zolaqları çəkilmir. Bu da hər zaman çoxlu problemə gətirib çıxarır".

 

"Yolun kənarında yerə velosiped  işarəsinin çəkilməsi  bu  zolağın salınması demək deyil. Biz hardan bilək ki, digər nəqliyyat vasitələri velosipedçinin təhlükəsiz hərəkət etməyinə şərait yaradacaq”.


Nəzərə alsaq ki, dünyanın ən inkişaf etmiş ölkələrində velosiped aparıcı nəqliyyat vasitəsinə çevrilir. İnsanlar tıxaclardan və ekoloji problemlərdən yaxa qurtarmaq üçün velosipedə üstünlük verirlər. 

Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Müstəqillik illərindən sonra Azərbaycanda aparılan yenidən qurma işləri zamanı yollar abadlaşdırılarkən velosiped zolaqlarının çəkilməsi aidiyyatı qurumların ağıllarının ucundan belə keçməyib. Velosiped zolaqlarını yalnız yeni salınmış parklarda, Heydər Əliyev prospektində və bəzi yollarda nümunə üçün görə bilərik. 

Ekspert Elməddin Muradlı velosiped zolaqlarının olmamasının səbəbini məmur özbaşnalığında görür:

“Məmurlar yol kənarlarını metr-metr satırlar, küçələr gündən-günə daralır. Yollar genişləndirildikdə ilk növbədə avtobuslar üçün xüsusi zolaqlar açılmalıdır. Operativ nəqliyyat vasitələri də ondan istifadə etməlidir.

O zolaqda eyni zamanda velosipedçilərin də hərəkətinə şərait yaratmaq olar. Çünki bizdə bu gün yol şəbəkəsi o səviyyədə deyil ki, əlavə zolaqlar yarada bilək”. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə vurğuladı ki, qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur: 

“Velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub. İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisində velosiped zolağının təşkil edilməsi gözlənilir.

Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionunu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzini və Gimnastika arenasını birləşdirən bir velosiped zolağı olacaq. Bu daha sonra bir şəbəkə halını alacaq”.

Bakı Şəhər Yol Polisinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Vaqif Əsədov isə vəziyyətdən müvəqqəti çıxış yolunu verdiyi tövsiyyələdə görür: 

“Standartlara cavab verən dəbilqə və geyimlərdən istifadə etsinlər, yol nəqliyyat hadisələrinə səbəb olacaq əyləcləri basmasınlar, piyada zolağını keçərkən velosiped sürməsinlər. Qrup halında hərəkət edən velosipedçilər isə sıra ilə getsinlər. Sağ və sola dönərkən əl hərəkətlərindən istifadə olunsun”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir ki, avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilməli, bununla bağlı müvafiq təkliflər hazırlanmalı, tədbirlər görülməlidir.

Gülşanə Mustafayeva, Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO