“Bakıda ictimai nəqliyyat pulsuz olsun” – TƏKLİF 

“Bakıda ictimai nəqliyyat pulsuz olsun” – TƏKLİF 

Hazırda oxunan: “Bakıda ictimai nəqliyyat pulsuz olsun” – TƏKLİF 

136242

Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.7, kükürd qazı 1.1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı ən son məlumatda bildirilir ki, dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır. 

Bakıda və digər mərkəzi şəhərlərdə nəqliyyat sıxlığı təkcə ekoloji böhran yox, həm də sosial-iqtisadi problemlər yaradır. Bu gün paytaxtın istənilən küçəsində pik saatlarında tıxac yaranır. Tıxaclarına aradan qaldırılması istiqamətində son illər müxtəlif tədbirlər görülür.

Ən əsası yüz milyonlarla büdcə vəsaiti xərclənərək yol infrastrukturu yenilənir. Lakin, vəziyyət getdikcə ağırlaşır. 

Bəs, qabaqcıl praktika niyə mənimsənilmir?

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tıxacların aradan qaldırılması üçün müxtəlif layihələr həyata keçirilir. Məsələn, Baltikyanı ölkələrin çoxunda mərkəzi şəhərlərdə ictimai nəqliyyat pulsuzdur. Bunun hesabına həmin şəhərlərdə əhalinin 90-95 faizi ictimai nəqliyyatdan istifadə edir. Nəticədə, şəhərdə heç bir sıxlıq yaşanmır. 

Estoniyanın paytaxtı Tallində 2013-cü ildə pilot layihə kimi şəhər ətrafı marşrutlarda işləyən avtobusları pulsuz etdilər. Beləcə, şəhərə kənardan avtomobil axınının qarşısı alındı. 2015-ci ildən isə bu layihə bütün Tallində tətbiq edildi. Nəticədə, şəhər əhalisi və qonaqlar pulsuz və rahat olduğu üçün avtobuslardan istifadə etməyə başladılar.
Ona görə də hazırda Tallində heç bir tıxac yaşanmır. Bu layihə həmçinin qonşu Latviya və Litvada da tətbiq edilməyə başladı. Hazırda estonların uğurlu layihəsindən almanlar, isveçlər, niderlandlar və digər xalqlar da istifadə etməyə başlayıblar.

Çünki, ictimai nəqliyyatın pulsuz olması təkcə tıxacları aradan qaldırmır, həm də ekoloji tarazlığı bərqərar eləyir. Üstəlik, bunun çox böyük iqtisadi səmərəsi var.

Bəs, bu variantın ölkəmizdə tətbiqi mümkündürmü?

Bu layihənin Azərbaycanda tətbiqi hava-su qədər vacibdir. Çünki, ölkəmizdə nəqliyyat sektoru dotasiya hesabına yaşayır. Hazırda həm metro, həm də dəmir yolu dotasiya hesabına ayaqda qalıb. Bu sahədən dövlətə heç bir gəlir yoxdur. 

Avtobus nəqliyyatı isə əsasən özəl sektorun əlindədir. “Bakubus” istisna olmaqla bütün daşıyıcı şirkətlər ayrı-ayrı sahibkarlara məxsusdur.

Hazırda bu sahədəki vəziyyət kifayət qədər problemlərin içində boğulur. Tarif Şurası ilin əvvəlində avtobuslarda gediş haqlarını 33 faiz qaldırsa da müsbətə doğru heç bir dəyişiklik baş vermədi. Nə avtopark yeniləndi, nə gecikmələr aradan qalxdı, nə də ki, keyfiyyət yüksəldi. 

Bütün bunlara rəğmən daşıyıcı şirkətlər bu günlərdə hökümətə müraciət edib, yanacağa görə subsidiya istəyirlər. Bu da onu göstərir ki, şəhər nəqliyyatında qiymətlər 1 manata qaldırılsa da daşıyıcı şirkətlərin nə şikayətləri bitəcək, nə də ki, sərnişin daşımadakı problemlər aradan qalxacaq. 

Ona görə də təcili olaraq Bakıda da Tallin variantına keçilməlidir. Onsuz da dövlət ictimai nəqliyyatın saxlanmasına hər il 10 milyonlarla vəsait xərcləyir. Bu xərcləri bir qədər də artırmaqla Bakıda ictimai nəqliyyatı pulsuz etmək olar. Bu hesaba da həm tıxaclar aradan qalxar, həm ekologiyamız sağlamlaşar, həm də iqtisadiyyatımız qazanar.

Məsələ ilə bağlı Bizim Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Baltikyanı ölkələrin mərkəzi şəhərlərinin bir çoxunda ictimai nəqliyyat pulsuzdur:
 

MÖVZU İLƏ BAĞLI:

“Daşıyıcı şirkətlər ziyanla işləyir” – Avtobuslarda gedişahaqqı yenidən artırılır?


“Bu layihənin çox böyük iqtisadi və ekoloji faydası var. Təsadüfi deyil ki, Baltikyanı ölkələrin uğurluğu tətbiqindən Almaniya və digər aparıcı dövlətlər də istifadə edir. Məsələn, Estoniyanın paytaxtı Talllin şəhərində nəqliyyatın pulsuz işləməsi nəticəsində şəhərdəki bütün tıxaclar aradan qalxıb. Və ekoloji vəziyyət sabitləşib.

Üstəlik, bunun çox böyük yan təsirləri olub. Məsələn, nəqliyyatın pulsuz olmasından sonra şəhər ticarətinin həcmi 15-18 faiz böyüyüb. 

Artıq Tallin şəhərində ictimai nəqliyyat pulsuzdur. Bu layihənin digər iqtisadi faydası ondan ibarətdir ki, dövlət daha ekoloji layihələrə pul xərcləmir. Əvvəllər bu sahəyə xərcələnən pullar artıq ictimai nəqliyyatın dayanıqlılığına xərclənir.
Hazırda Tallində şəxsi avtomobillərin istifadəsinə çox az rast gəlinir. Məsələnin digər müsbət tərəfi odur ki, Tallinin bəzi mərkəzi küçələrində orta sürət 100 kilometr/saatdır”.

Akif Nəsirlinin fikrincə, bu Azərbaycan üçün də bir nümunə ola bilər:

“Hazırda dövlətin gəlirləri kifayət qədər yüksəkdir. Ona görə də Azərbaycan höküməti bu məsələyə diqqət etsə, həm şəhər əhalisinin canı tıxaclardan qurtarar, həm ekoloji fəlakət aradan qalxar, həm də şəhərin ticarət dövriyyəsi böyüyər. Bütün bunlar hesabına ekologiyaya, subsidiyalara və çoxsaylı yol infrastrukturlarına xərclənən milyardlara qənaət etmiş olarıq”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO