Brüssel görüşünün nəticələri: İşğalda olan kəndlərimiz geri qaytarılır

Brüssel görüşünün nəticələri: İşğalda olan kəndlərimiz geri qaytarılır

Hazırda oxunan: Brüssel görüşünün nəticələri: İşğalda olan kəndlərimiz geri qaytarılır

136177

14 may tarixində Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında dörd saatdan artıq davam edən üçtərəfli danışıqların nəticəsi yekun bəyanatda əks edilib.

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı təhlildə yer alıb.

 
Ərazi bütövlüyü


Bəyanata əsasən, Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycan Ermənistanın (29,8 min km2), Ermənistan isə Azərbaycanın (86,6 min km2) ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Ermənistan buna qədər də Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Lakin bu görüşlərdən dərhal sonra Ermənistanın siyasətçi/ekspert seqmenti 1988-ci il qərarına və ya 1991-ci il qondarma referendumuna istinad edərək, ərazi bütövlüyünün tanınmasının Qarabağa şamil olunmadığını bildirirdi. Bu baxımdan 86,6 min km2 çərçivəsində ərazi bütövlüyünün tanınması bütün əvvəlki ikilimənalılıqları aradan qaldırmış olur.
 
Vurğulayaq ki, 86,6 min km2  əraziyə Qarabağ və Şərqi Zəngəzurdan savayı Azərbaycana məxsus olan və 1990-92-ci illərdə Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi də daxildir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Dövlət Departamentinin, habelə Avropa İttifaqı Şurasının rəsmi mənbələrində mövcud xəritələrdə 86,6 min km2 əraziyə həmçinin Ermənistanın ərazisində yerləşən lakin Azərbaycana məxsus anklav/eksklavlar da daxildir. Deduktiv əqlinəticə aşağıdakı sxemi yaradır: 
 
- 86,6 min km2  əraziyə Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi daxildir;
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min km2 çərçivəsində tanıyıb;
- Deməli, Ermənistan de-yure qaydada anklav və eksklavların Azərbaycana məxsus olduğunu tanıyıb. 
 
Nəqliyyat-kommunikasiya


Brüssel bəyanatına əsasən, tərəflər “Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası” daxil olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsində bir-birinə çox yaxındır. Bu məsələ üzrə razılığı Azərbaycanın Laçında NBM qurması şərtləndirmişdir. Laçında NBM qurulandan sonra Ermənistan ya eyni statusda Zəngəzurda NBM qurmalı idi, ya da Rusiyanın təklif etdiyi eksterritoriallığa malik dəhlizə razılaşmalı idi. Bəyanatdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Meqri üzərindən Naxçıvana, Ermənistan isə Naxçıvanda mövcud dəmiryolu şəbəkəsi sayəsində İrana çıxış əldə edəcəkdir. Bəyanata əsasən, tərəflər bu məqsədlə Ümumdünya Gömrük Təşkilatının dəstəyini cəlb etmək barədə razılığa gəliblər. Kommunikasiyalar üzrə razılıq aşkar faydalardan savayı Bakıya daha 3 üstünlük qazandırır:
 
1. Zəngəzurda NBM-in qurulması İranın guya Bakının Cənubi Qafqazda sərhədləri dəyişdirmək istəməsi haqqında əsassız ittiham və narahatçılıqlarına son qoyur;
2. İran Cənubi Qafqazda arzuladığı nüfuzu Azərbaycanda yox, Ermənistanda reallaşdıracaq. Dəmiryolu Naxçıvan üzərindən keçdiyinə görə Tehran və İrəvan arasında nəqliyyat əlaqəsi üzərində nəzarət isə Bakıda olacaq;
3. Rusiyanın Ermənistandakı nüfuzu və axırıncının Rusiyadan asılılığı Qərbin yox, İranın əli ilə aradan qaldırılır. 
 
Suverenlik


14 may bəyanatına qədər Qərbin Qarabağla bağlı yanaşması natamam idi. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyindən danışan Brüssel/Vaşinqton yanaşmasını tamamlayıb, bunun Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş verəcəyini qeyd etmirdi. Lakin bu bəyanatda təkcə Ermənistan deyil, həmçinin Qərb də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycanın ərazi bütövlüyü (86,6 min km2) çərçivəsində təmin edilməli olduğunu rəsmi sürətdə təsdiqləmiş oldu. 
 
Nəticə


Qeyd edilən uğurlar ehtimal ki, “Praqa → Soçi” məntiqinə uyğun olaraq, Moskvada (19 may) öz təsdiqini tapıb, daha sonra Kişinyov (1 iyun), Brüssel (iyul) və Qranadada (oktyabr) möhkəmləndiriləcəkdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO