11 gündə 5 qadın ÖLDÜRÜLÜB – Zərif məxluqlara niyə ƏL QALDIRILIR? – ARAŞDIRMA 

11 gündə 5 qadın ÖLDÜRÜLÜB – Zərif məxluqlara niyə ƏL QALDIRILIR? – ARAŞDIRMA 

Hazırda oxunan: 11 gündə 5 qadın ÖLDÜRÜLÜB – Zərif məxluqlara niyə ƏL QALDIRILIR? – ARAŞDIRMA 

135432

Hər səhərimizi qadın qətlləri ilə açırıq. Son 10 gündə həyat yoldaşı, qardaşı, keçmiş həyat yoldaşı və ya münasibətdə olduğu şəxs tərəfindən qətlə yetirilən qadınlarla bağlı çox sayda məlumatlara rast gəlirik. Bu qətllərdən isə ən çox zərər və əziyyət çəkən gözü yaşlı körpələr olur. Baş verən qadın qətlləri daha çox ailə-məişət zorakılığı zəmnində baş verir. 

Bizim.Media may ayının əvvəlindən indiyədək ölkədə baş verən qadın qətlləri ilə bağlı statistikanı araşdırıb. Məlum olub ki, 11 gündə 5 qadın qətlə yetirilib, biri isə bıçaqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir qadını əri QƏTLƏ YETİRDİ


Belə ki, mayın 4-də Tovuz şəhər sakini 1952-ci il təvəllüdlü İntizar Bağırovanın yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın kirayə yaşadığı evdə arasında yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta materialdan olan əşya ilə vurması nəticəsində qadın dünyasını dəyişib. 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Mayın 4-də Tərtərdə qadın əri tərəfindən qətlə yetirilib. Rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmova ilə əri 2000-ci il təvəllüdlü Sahib Əlizadə arasında mübahiə yaranıb. Nəticədə həyat yoldaşı Leyla Məhərrəmovanı kəsici-deşici qətlə yetirib. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Mayın 7-də Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik-cərrah Türkan Gündüz əri tərəfindən öldürülüb. Qadını ağır xəsarətlərlə qətlə yetirən həyat yoldaşı 1967-ci il təvəllüdlü Muhammet Gündüz Türkiyə vətəndaşıdır.  
Mayın 7-də daha bir qadın qətli Masallı rayonunda yaşanıb. Təzə Alvadı kənd sakini Sədaqət Səfərova  həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Qadın hadisə yerində dünyasını dəyişib. 

Mayın 10-da Bakıda 40 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Hadisə paytaxtın Sabunçu rayonunda evlərdən birində baş verib. 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Sevinc Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu saxlanılıb. O, polisə könüllü təslim olub.

Ötən gün daha bir bıçaqlanma olayı Bakının Xətai rayonunda yerləşən Təbrik" restoranında qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti ilə bağlı hələki məlumat yoxdur. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hazırda baş verən qadın qətllərinin heç nədən, yəni səbəbsiz yerə baş verdiyini bildirib:

“Kifayət qədər ciddi və ya qeyri-adi hadisə baş verməlidir qadın qətlə yetirilsin. Bu gün qadınlar heç nədən qətlə yetirilir. Demək ki, insanlar psixoz vəziyyətindədir. Əksər kişilər qadını özünə tabe etdirmək, onu idarə etmək üçün zorakılıq göstərir və nəticədə bəzən qatilə çevrilir.

Yaxud sosial psixoloji vəziyyət o qədər gərgin olur ki, insanlar öz davranışlarını idarə edə bilmir və günahı daha çox qadında, onun davranışlarında görərək, onu qətlə yetirir. Biz nə qədər müasir qanunları qəbul etsək də, mədəni səviyyəmiz və davranışlarımız getdikcə aşağı düşür”. 
Mehriban Zeynalova bu məsələdə daha bir ciddi problemin olduğunu önə çəkib. O, deyib ki, zorakılığa məruz qalan əksər qadınlar hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir, yaxınları, ailə üzvləri haqda şikayət etməyin doğru olmadığını hesab edirlər:

“Hətta  cəmiyyət tərəfindən qınanıla bilərlər deyə düşünürlər. Yaxşı olardı ki, hətta xəsarət olmasa belə, qadın təhdidlə, zorakılıqla üzləşibsə, aidiyyəti quruma üz tutsun. Belə olarsa, əvvəlcədən baş verə biləcək faciələrin nisbətən qarşısını almaq olar.

Eyni zamanda bu, təkcə hüquq-mühafizə orqanlarının üzərinə düşən məsələ deyil. Cəmiyyət də qadınlara qarşı edilən zorakılığa laqeyd yanaşmamalı, ictimai qınaq  və maarifləndirmə artırılmalıdır".

Qeyd edək ki, 2022-ci ildə qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın qətlə yetirilib. 2021-ci ildə 70 qadın öldürülüb, 24 qadın isə xəsarət alıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO