Qəhrəmanlıq ruhunu İkinci Dünya müharibəsindən Qarabağ savaşınacan daşıyan Quliyevlər - FOTO

Qəhrəmanlıq ruhunu İkinci Dünya müharibəsindən Qarabağ savaşınacan daşıyan Quliyevlər - FOTO

Hazırda oxunan: Qəhrəmanlıq ruhunu İkinci Dünya müharibəsindən Qarabağ savaşınacan daşıyan Quliyevlər - FOTO

135126

İkinci dünya müharibəsi Azərbaycan üçün haqq savaşına çevrilmişdi desək yanılmarıq. Çünki, Hitler rejiminin əsas planlarından biri Bakını işğal etməklə Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaq idi. Məhz bu səbəbdən neçə-neçə canlar bu amal uğrunda canından keçib. Bu müharibədə də Azərbaycan oğulları cəbhədə misilsiz qəhrəmanlıqlar göstərib.  

Həmin dövrdə evindən bir neçə nəfəri döyüşə göndərən Azərbaycan ailələri də kifayət qədər idi. 

İxtisasca müəllim olan Lətafət Quliyeva Bizim.Media-nın mikrofonuna xatirələrini danışaraq bildirir ki, İkinci Dünya müharibəsinin Azərbaycan üçün Böyük Vətən müharibəsi adlandırılmasının xeyli haqlı tərəfləri var:

“Birinci növbədə həmin döyüşə qatılan insanlar, arxa cəbhədə Azərbaycan xalqının böyük rolu və on minlərlə başsız qalan ailələr, övladsız qalan analar bunu deməyə əsas verir”.  

Lətafət xanım deyir ki, bir çox ailələrdə olduğu kimi onun da doğmaları Böyük Vətən Müharibəsinin iştirakçıları olub:  “9 May tarixi bizə, ailəmizə əziz və kədərli bir gün olub. Bu günü biz qürur yerimiz olan babalarımızın qələbə günü və anım günü kimi qeyd edirik.

Keçmiş Cavanşir qəzasının Kolanı elində Cavad Ağanın Darğası Qulu kişinin dörd oğul övladının üçü İkinci Dünya müharibəsinə qatılıb. Həmin dörd oğuldan biri isə müharibədən öncə dünyasın dəyişib. Döyüşlərdə böyük şücaət göstərən Quliyev qardaşları müharibə elan edilən gündən etibarən, ön cəbhədə vuruşublar”. 

Fərqli bölmələrdə faşizm rejmina qarşı savaşan qardaşlar elə qələbə xəbərini də Berlin şəhərində eşidiblər. Minlərlə həmyerlilərinin həlak olmasından hiddətlənən vətən oğulları Azərbaycanı layiqincə təmsil edib, dəfələrlə yaralanmaqlarına baxmayaraq, yenidən cəbhəyə qayıdıblar.  
“Quliyev Bəhram, Quliyev Bahadur, Quliyev İbrahim... onları və əzizlərimin timsalında döyüşlərdə iştirak edən hər kəsi ehtiramla anıram. Həqiqətən Azərbaycan kişisinin – döyüşçüsünün şücaəti indi olduğu kimi o dövrlərdə də bütün dünyaya səs salıb. Bu isə bir xalqı təmsil etmək deməkdir”, - deyə L.Quliyeva xatırlayır. 

Həmsöhbətimiz əlavə olaraq diqqətə çatdırdı ki, həmin nəsildən süzülüb gələn irs Qarabağ müharibələrində də özünü qabarıq şəkildə büruzə verib. Belə ki, 44 günlük müharibədə Quliyevlər ailəsinin daha bir üzvü, Xüsusi Təyinatlı Qüvvələr mənsubu Şəhriyar Quliyev şəhidlik zirvəsinə ucalıb. 

Onu da qeyd edək ki, sözügedən qəhrəmanlar müharibədən öncə və sonra Azərbaycanın bir neçə böyük rayonlarında -  Ağdam, Laçın, Qazax, Yevlax, Mingəçevir, Qax, Oğuz, Qəbələ və Bakı şəhərində yüksək vəzifələrdə çalışaraq vətənə və xalqa layiqli xidmət göstəriblər.  
Bütün bu yaşananları nəzərə alsaq, əminliklə demək olar ki, qəhrəmanlıq, döyüşçü ruhu, xalqa və dövlətə sevgi baba mirası, ata yadigarıdır.  

Xalqımıza hər zaman qələbə günləri arzusu ilə…  








Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO