Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş TEQ çempionatının qalibləri mükafatlandırılıb - FOTO 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş TEQ çempionatının qalibləri mükafatlandırılıb - FOTO 

Hazırda oxunan: Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş TEQ çempionatının qalibləri mükafatlandırılıb - FOTO 

134982

Mayın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki nümayəndəlik ofisi, Beynəlxalq Teqball Federasiyası və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş TEQ çempionatın mükafatlandırma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, TDT-yə üzv dövlətlərin, o cümlədən müşahidəçi statusuna malik olan Macarıstanın nümayəndələri arasında keçirilmiş yarışda Qazaxıstan və Qırğızıstan təmsilçiləri qalib gələrək ölkəmizə səfər etmək imkanı qazanıblar. 

Tədbirdə açılış nitqi ilə çıxış edən TDT-nin nümayəndəlik ofisinin rəhbəri Janos Hovari Azərbaycan ilə Macarıstan arasında mövcud strateji tərəfdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra daha genişlənəcəyinə ümidvar olduğunu bildirib. 

Səfir Tahir Tağızadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı sahəsində gördüyü işlər barədə məlumat verib. T. Tağızadə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya oyunlarında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. 
Daha sonra Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin İdman diplomatiyası departamentinin rəhbəri İstvan İgloi-Nagy çıxış edərək TDT ölkələri arasında Teqball turniri keçirmək ideyasının bu dövlətlərin idman nazirlərinin Daşkənd şəhərində görüşü zamanı irəli sürüldüyünü və artıq reallaşdığını vurğulayıb. O, mayın 6-sının Macarıstanda İdman Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Həmçinin Macarıstanda ixtira edilən Teqball idman növünün dünyada getdikcə daha çox tanındığını və Polşada keçiriləcək Avropa Oyunlarının proqramına salındığını deyib. 

Teqball Federasiyasının təmsilçisi İstvan Dobrei TDT ölkələrinin gəncləri arasında keçirilmiş “TEQ Cup”ın oyunlarını əks etdirən qısa videoçarxı təqdim edib və turnirə böyük maraq göstərildiyini bildirib. 

Çıxışlardan sonra T. Tağızadə və J. Hovari çempionatın qaliblərinə mükafatları təqdim ediblər. 

Daha sonra Teqball və Teqvoly idman növlərini tədbir iştirakçılarına nümayiş etdirmək məqsədilə simvolik oyun keçirilib. 

Mükafatlandırma mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi, Beynəlxalq Teqball Federasiyası, Macarıstana akkreditə olunmuş diplomatik korpusun və Budapeşt şəhərindəki TDT ofisinin nümayəndələri, türkdilli dövlətlərin Macarıstanda təhsil alan tələbələri iştirak ediblər. 

Tədbirin rəsmi hissəsindən sonra ziyafət təşkil olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO