7-yə qədər qəzet, jurnalın 7 güllə ilə öldürülən qurucusu... - Elmar Hüseynov

7-yə qədər qəzet, jurnalın 7 güllə ilə öldürülən qurucusu... - Elmar Hüseynov

Hazırda oxunan: 7-yə qədər qəzet, jurnalın 7 güllə ilə öldürülən qurucusu... - Elmar Hüseynov

13489

2005-ci il martın 2-də yazıları ilə Azərbaycan mətbuatını maraqlı edən, indi köşklərdə qalan qəzet-jurnalları əlbəəl gəzdirən, tirajlandıran “Monitor” jurnalının təsisçisi Elmar Hüseynovu qətlə yetirildi.

Bizim.Media xəbər verir ki, çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mətbuatın İnkişafı Agentliyinin hüquqi bazası nə deməkdir, o, nəyə cavab verəcək? – EKSPERT RƏYİ


Mərhum həmkarımıza 7 güllə atılıb, həmin patronlardan biri havaya, ikisi Elmarın bədəninə sürtülüb, qalan 4-ü isə müxtəlif nahiyələrinə dəyib. Daha dəqiq desək, iki güllə qarnına, biri ürəyinə, biri də ağızına atılıb.

Qətldən öncə mərhumun evində işıqlar yanmayıb, atası və həyat yoldaşının dediyinə görə, qətldən sonra isə ev və mobil telefonları kəsilib.

Qətldən qısa müddət sonra Baş Prokurorluğun istintaqçıları cinayətin ilk olaraq 2 icraçısını - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi müəyyən edə bilİblər. Killer dəstəsinə texniki dəstək vermiş Turqay Bayramov həbs olunub.

Sonradan baş redaktorun qətlində iştirak edən killer dəstəsinin daha 3 üzvü - Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişov müəyyən edilib. 

Qətldən 16 il ötsə də, araşdırmalar cinayətin üstünün açılmasına bəs etməyib. 

Elmar Hüseynov 1967-ci il,  iyul ayının 17-si Bakı şəhərində dünyaya gəlib. Memarlıq və İnşaat universitetini bitirdikdən sonra hərbi xidmətdə olub. Bir ara Rusiyada ixtisası üzrə çalışıb, lakin 1995-ci ildə Azərbaycana qayıdıb və jurnalist fəaliyyətinə start verib.

“Trend” Analitik İnformasiya agentliyi və “Alver” qəzetini yaradır. Bir il sonra “Monitor” jurnalını təsis edir. 1998-ci ildən isə, jurnalın təqibləri başlayır.

16 min manat cərimə, mətbu orqanın fəaliyyətinin dayandırılması, yaxud hədə-qorxulara görə, “Bakinskie vedomosti” qəzetinin cəmi 8 nömrə çapı bəlkə də illər sonrakı sui-qəsdin nişanələriydi.

O, 2000-ci ildə “Monitor Weekly” jurnalını, “Bakı bulvarı” qəzetini də müxtəlif ittihamlara görə çox yaşada bilməyib. 

Bundan sonra Elmar 2002-ci ildə “Monitor”u yenidən həyata qaytarır…

Elə həmin “Monitor” da onu həyatdan apardı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO