Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ölkə gündəmini zəbt edib.
Mehman Xəlilovun həmin məktəbdə müəllim kimi çalışmamaması, amma orada uşaqlarla məşğul olması, sözügedən şəxsin həmin məktəbdə hansı əsaslarla fəaliyyət göstərməsi, qanunvericiliyin buna yol verib-verməməsi ciddi müzakirələr yaradıb.
Olayda 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi qədər Elm və Təhsil Nazirliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin də məsuliyyətə cəlb edilmələri tələb edilib. Çünki məhz bu qurumlar tərəfindən məşqçinin qeydiyyatdankənar fəaliyyətinə icazə verilib və çalışmadığı məktəbin idman zalı ona kirayələnib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, 2022-ci ilin oktyabrından Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun rəsmi məktubu əsasında ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdən kənar müəssisələrin fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı məktub daxil olub. Bu məktubun və "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Fuad Aslanovun İmzası ilə 19 nömrəli məktəbə göndərilən məktub əsasında məktəbin 2-ci növbə dərsləri bitdikdən sonra Mehman Xəlilov 19 nömrəli məktəbdə məşq keçib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Cüdo Federasiyası: "Mehman Xəlilov cüdo məşqçisi deyil"
“Burada qanundankənar fəaliyyət olmayıb”, - deyə Təhsil İdarəsindən vurğulanıb.
Elm və Təhsil Nazirliyi isə olayla bağlı sadəcə başsağlığı ilə kifayətlənib. Həmçinin bildirib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilovun da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə bu proses 2015-ci ildən başlayıb və qanunvericiliyə ziddir:
“Ümumtəhsil haqqında qanun sonralar qəbul olundu. Qanunun 30-cu maddəsində göstərilir ki, ümumtəhsil məktəbi icarəyə verilə bilməz və təyinatından başqa məqsədlə istifadə oluna bilməz. 2015-ci ildən ümumtəhsil məktəblərində birgəfəaliyyət deyilən bir fəaliyyət qurulmağa başladı. Məktəbin idman zalları və ərazisində olan idman meydançaları ayrı-ayrı idman seksiyalarına verilir. Guya icarə deyil, birgə istifadə olunur və ödənişli qruplar təşkil edilir.
Oradan gələn gəlir isə təhsilidarəetmə orqanı yanında büdcədənkənar hesaba köçürülür.
Bununla bağlı bu gün istər Bakı, istər Sumqayıt, istərsə də Abşeronda bir çox məktəblərdə aylıq dövriyyə həmin məbləğlər üzərindədir. Məktəblərin isə o puldan xəbəri yoxdur. Yəni o pullar məktəbə çatmır. O şəxslər birbaşa müqaviləni təhsil idarəetmə orqanları ilə bağlayırlar və məktəb rəhbərlərinə də deyirlər ki, sən orada şərait yaratmalısan. Ən böyük problem isə idman seksiyalarını açanların nə sağlamlığı, nə psixoloji durumları, nə də mənəvi tərəflərinin öyrənilməsidir. Təsadüfi deyil ki, adını dünya və Avropa çempionu qoymuş bir şəxs 7 yaşlı uşağı döyə-döyə öldürür. Hansı ki, erməni bu davranışı etməz”.
Ekspert qeyd edib ki, ilk növbədə olayla bağlı Elm və Təhsil Nazirliyində də araşdırma başlamalı idi:
“Həmin şəxsə hansı əsaslarla o məktəb verilmişdi? Çünki hər yerdə idman seksiyaları var və valideyn məhz təhsil müəssisəsi olduğu üçün inanıb övladını ora qoyub. Şəxs həbs olunsa da, məsələyə görə birbaşa Abşeron-Xızı Regional Təhsil İdarəsi məsuliyyət daşıyır. Ən yaxşı halda Elm və Təhsil Nazirliyi həmin regional təhsil idarəsinin rəhbərini işdən kənarlaşdırmalıdır. 100-150 manata görə körpəni o şəkildə öldürə biləcək vəhşi və manyaka məktəbi təhvil vermək cinayətdir. Mütləq ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi haqda da cinayət işi qaldırılmalıdır”.
Neçə-neçə məktəblərdə belə qanunsuz hərəkətlərin baş verdiyini vurğulayan Elşən Qafarov qanunsuzluğa göz yuman aidiyyəti qurumları tənqid edib:
“Təhsilidarəetmə orqanları heç nəyə baxmadan gözüyumulu məktəbləri icarəyə verirlər və bu da qanunsuzdur. Digər tərəfdən verdikləri şəxslərin durumu yoxlanılmır. Özüm də məktəb direktoru çalışdığım vaxtı təhsilidarəetmə orqanının təkidi ilə məktəbin idman zalını bir idmançıya vermişdim. Bir müddət sonra məktəbin ətrafında narkotiklə bağlı şprislər tapıldı. Çox böyük çətinliklə o adamı məktəbdən uzaqlaşdıra bildim”.
Alçina Amilqızı, Bizim.Media