Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi” strategiyanın əsas tədbirlərindən biri kimi qeyd olunub.
Sertifikatlaşdırılma mexanizminin layihəsinin hazırlanması və tətbiqi, həmçinin dövrün sonuna kimi 17 min nəfər heyətin sertifikatlaşmaya cəlb olunması bu istiqamət üzrə qarşıya qoyulmuş əsas hədəflərdir.
Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanı ilə dövlət ümumi təhsil müəssisələrinin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr müəyyən edilib. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3.3-cü maddəsinə əsasən ilk dəfə işə qəbul olunanlar beş il müddətində sertifikatlaşdırmadan keçmirlər. Bu məhdudiyyət ilk dəfə işə qəbul edilən, peşəkarlıq səviyyəsi, bilik və bacarıqları yüksək olan müəllimlərin bu əlavələrdən yararlana bilməməsinə gətirib çıxarır və müəllimlərin haqlı narazılığına və sağlam rəqabət mühitinin pozulmasına səbəb olur. Göstərilənləri nəzərə alaraq, eləcə də sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin artırılması məqsədilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ilk dəfə işə qəbul olunan təhsilverənlərin 5 (beş) il müddətinə deyil, 3 (üç) il müddətinə sertifikatlaşdırmadan keçməməsi təklif edilir.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olduğunu və gələcəkdə məşğulluq imkanlarının məhdudlaşma ehtimalını nəzərə alaraq, yaşı 60 və daha çox olan şəxslərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi təklif edilir.
Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi zərurəti yarandığı üçün sözügedən qanunlarda dəyişiklik edilməsi barədə müvafiq qanun layihəsi hazırlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 03.05.2023
Müəllimlərin sertifikasiyadan azadolma müddəti aşağı salındı
Hazırda oxunan: Müəllimlərin sertifikasiyadan azadolma müddəti aşağı salındı
Hazırda oxunan: Müəllimlərin sertifikasiyadan azadolma müddəti aşağı salındı
134091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.