Azay Quliyev Şuradakı yoxlamalarda qeyri-adi heç nəyin olmadığını bildirdi.
Xəbər verildiyi kimi Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.
Palatanın qanunvericiliyinə əsasən, yoxlamalar səciyyəvi xarakter daşıyır və başa çatmadan ictimaiyyətə məlumat verilmir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyev Bizim.Media-ya açıqlamasında rəhbərlik etdiyi qurumda yoxlamaların başlamasına münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
“Hesablama Palatasının həyata keçirdiyi yoxlamalarda qeyri-adi heç nə yoxdur. Bu Palatanın iş planına uyğun həyata keçirdiyi yoxlamadı. Palata qurumların fəaliyyətində nöqsanları aşkar etmək və səmərəliliyi artırmaq üçün bu tədbirlərini həyata keçirməlidir.
Bunu yalnız alqışlamaq lazımdır. Ancaq mən tövsiyə edərdim ki, bu məsələni siyasiləşdirib konkret şəxsə qarşı kampaniyaya çevirməsinlər. İndi görürəm ki, siyasi fürsətcillər və bədxahlar xeylı fəallaşıblar.
Bu da gözləniləndir. Bu olmasaydı təəccüblənirdim. Son da isə onu deyim ki, aparılan yoxlamalar və aşkarlanan nöqsanlar yalnız və yalnız həmin qurumun fəaliyyətinin daha təkmil qurulmasına xidmət edir.
Bu cür yoxlamalardan çəkinmək lazım deyil, tam əksinə bu yoxlamaların mütəmadi aparılmasını təşkil etmək lazımdır ”,- deyə Azay Quliyev əlavə edib.
Alçina Amilqızı, Bizim.Media