Mingəçevir şəhəri Tibb Kollecinin yataqxanasında yaşayan məcburi köçkünlər iki gündür ki, çöldə qalırlar.
Bizim.Media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında yataqxanada yaşayan sakinlərdən biri Kamil Musayev bildirib.
Onun sözlərinə görə, respublika ərazisində qeydə alınan yağışlı hava şəraiti nəticəsində yaşadıqları yataqxananı su basıb:
“Kollecin yataqxanasında 50 ailə yaşayır. Yağış hər kəsin evinə ziyan vurub. Bizim evimizə isə daha çox ziyan dəyib və iki gündür ki, çöldə qalmışıq. Heç bir dövlət qurumu bizimlə maraqlanmır, kirayə çıxarmır”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurum hər zaman məcburi köçkünləri diqqətdə saxlayır, onların problemlərinin həlli üçün zəruri addımlar atır:
“Komitə Mingəçevir şəhəri Tibb Kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış ailələrin də vəziyyəti ilə bağlı məlumatlıdır. Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən müvəqqəti məskunlaşma obyektinə baxış keçirilib, yerində qiymətləndirmə aparılıb”.
Qurumdan qeyd edilib ki, təmir-bərpa işlərinin icrası ilə əlaqədar sənədləşmə işlərinə artıq başlanıb.
Bizim.Media