Zaqatalaya yağan dolu fermerə 20 min manat ZİYAN VURDU - FOTO 

Zaqatalaya yağan dolu fermerə 20 min manat ZİYAN VURDU - FOTO 

Hazırda oxunan: Zaqatalaya yağan dolu fermerə 20 min manat ZİYAN VURDU - FOTO 

133810

Zaqatala rayon ərazisində dolu ilə müşayət olunan qasırğa nəticəsində meyvə ağaclarına, xüsusən də bostan-tərəvəz məhsullarına ciddi ziyan dəyib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muxax kənd sakini Səiddin Nurməmmədovun təsərrüfatında çiyələk, lobya, pamidor, xiyar şitillikləri ümumiyyətlə məhv olub. 

Beş min kvadratmetrlik çiyələk sahəsi məhv olub.  

Fermer Səiddin Nurməmmədov bildirib ki, illərdir ki, bu sahə ilə məşğuldur. Lakin ilk dəfə təbiətin belə şıltaqlığı ilə qarşılaşıb. Belə ki, o, 2 hektara yaxın sahədə bostan-tərəvəz məhsulları əkir. Təkcə 5 min kvadratmetr ərazidə çiyələk yetişdirilir.

“Lobya, xiyar, pomidor şitilləri, göyərtilər olan hissə, eləcə də ilk dəfə bar verəcək olan alça və xurma ağaclarımız vardı. Hamısı demək olar ki, məhv olub. Dolu çiyələklərə külli miqdarda ziyan vurub, təxminən 20 min manatlıq məhsula  ziyan dəyib”, - deyə S. Nurməmmədov bildirib.

Dolu fındıq bağlarından da yan keçməyib. 

Zaqatalada dolunun yaratdığı fəsadlardan biri də əhalinin ən çox gəlir mənbəyi olan fındıq sahələridir. Hazırda fındıq ağaclarında yarpaq açma dövrü olduğundan gələcək məhsuldarlıq da şübhə altına düşüb .  

Fermer Məmmədəmin Əliyev deyir ki, dolu fındığa da ziyan vurub, budaqlarını sındırıb, yarpaqlarını töküb:

“Bütün bitkilər yarpaqla qidalanır, fotosintezdən. Yarpağın tökülməsi məhsuldarlığa xeyli ziyan vurdu”. Fermer havaların belə sərt keçəcəyi təqdirdə məhsuldarlığın dəfələrlə aşağı düşəcəyini bildirib.    

Təbii fəlakətlər sığortanın vacibliyindən xəbər verir.       

Muxax kənd icra nümayəndəsi Abdulkərim Şabanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, dolu kəndin aran ərazilərindəki hissələrinə ziyan vurub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. 

Kənd icra nümayəndəsi onu da bildirib ki, əksər fermerlərin təbii fəlakətə qarşı sığortası yoxdur. Bu, ilk növbədə həmin fermerlərin torpaq sənədinin olmaması və ya digər amillərlə bağlıdır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO