“Zəfərdən dirçəlişə” layihəsi Zəngilanda yekunlaşdı - FOTO

“Zəfərdən dirçəlişə” layihəsi Zəngilanda yekunlaşdı - FOTO

Hazırda oxunan: “Zəfərdən dirçəlişə” layihəsi Zəngilanda yekunlaşdı - FOTO

133572

“Zəfərdən dirçəlişə” adlı meşə massivinin salınması layihəsinin, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının yekunlaşması münasibətilə Zəngilan rayonuna səfər təşkil olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə Fondun 20-dən artıq donor və tərəfdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə səfər iştirakçılarına meşə massivinin salınması layihəsi ilə bağlı məlumat verilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, erməni işğalı nəticəsində Qarabağın tək şəhər və kəndlərinə deyil, onun ekologiyasına - meşə örtüyünə, biomüxtəlifliyinə, su ehtiyatlarına külli miqdarda ziyan vurulub. Qarabağ Dirçəliş Fondu bu problemin əhəmiyyətini və miqyasını dərk edərək işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Məlumat verilib ki, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Memoranduma uyğun olaraq 2021-ci il dekabrın 17-də “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması aksiyasına start verilib.

Layihənin reallaşmasında donor şirkətlərin dəstəyini xüsusi qeyd edən Rəhman Hacıyevin sözlərinə görə, layihəyə uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı ağaclarının əkilməsi həyata keçirilib.
Dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşə-bərpa tələblərinə uyğun formada aparılıb. Enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib.

Meşə massivinin salındığı ərazi ziyarət olunub, layihə çərçivəsində görülən işlərə əyani baxış keçirilib.

Sonra səfər iştirakçıları Zəngilan şəhərinə gedərək erməni vandallarının şəhərdə törətdikləri dağıntılarla, eləcə də burada aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Sonra Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olan səfər iştirakçıları Ağalı kəndində olublar. Onlara kənddə yaradılan şəraitlə bağlı geniş məlumat verilib.

Zəngilanda meşə massivinin salınması layihəsinin yekunlaşmasından sonra Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrinə start verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO