"Bu verilişə başlayarkən, haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən sənət, sirr, dərd, ömür-gün yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm? Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm…"
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib.
Həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxan sənətçi fikirlərini ifadə edərkən göz yaşlarına boğulub:
"Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrı, ürəyimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında idin. İndi sən hamının yadındasan. Harada desən, orada var idin.
Amma mən qəzada ayılanda yanımda yox idin. Hər səhərimi səninlə açardım. Məndən əvvəl oyanardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Həmişə hər işin arxasınca məndən əvvəl gedərdin, rahatlaşdırardın. Amma bu dəfə məndən qabağa düşdün. İnşallah, Oqtay,… Görüşəcəyik".
Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanaların birində müalicə alıb.
- A-
- A
- A+
Cəmiyyət
22:46 / 29.04.2023
Dilarə Əliyeva: "Qəzadan ayılanda yanımda artıq yox idin" - VİDEO
Hazırda oxunan: Dilarə Əliyeva: "Qəzadan ayılanda yanımda artıq yox idin" - VİDEO
Hazırda oxunan: Dilarə Əliyeva: "Qəzadan ayılanda yanımda artıq yox idin" - VİDEO
133515
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.