BİZİM TƏQVİM: Cümhuriyyətin süqutundan 103 il ötür

BİZİM TƏQVİM: Cümhuriyyətin süqutundan 103 il ötür

Hazırda oxunan: BİZİM TƏQVİM: Cümhuriyyətin süqutundan 103 il ötür

133137

1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Bununla da cəmi 23 ay ömür sürən Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradılıb. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra demokratik cümhuriyyətin görkəmli nümayəndələri təqiblərə məruz qalıb, onlardan bir neçəsi mühacirət etməyə məcbur olub, qalanları isə ya sürgün edilib, ya da qətlə yetirilib. 

Bəs, 28 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. Tikintisi başa çatmış Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə verilib. Sonradan Samur-Abşeron adlanan bu kanal Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri sayılır. Kanaldan hal-hazırda da geniş istifadə olunur.

2. 1877-ci ildə yaradılan və yarandığı gündən bütün müharibə və fəlakətlərdə yardıma tələsən Türkiyənin Hilali-Ahmer Cəmiyyətinin adı 1935-ci ilin 28 aprelində Qırmızı Aypara olaraq dəyişdirilib.

3. 28 aprel 1945-ci ildə İtaliyanın diktatoru Benito Mussolini həyat yoldaşı Klara Petacci ilə birlikdə güllələnib. Cəsədləri bir benzin stansiyasında ayaqlarından asılaraq nümayiş etdirilib.

4. 1961-ci ilin 28 aprelində Sumqayıt şəhərində elektrikli ictimai nəqliyyat fəaliyyətə başlayıb.İlkin vaxtlarda trolleybus 8 xəttən ibarət olub. Şəhərdə bu nəqliyyat növü üç dəfə fəaliyyətini dayandırıb və yenidən fəaliyyət göstərib. 1 yanvar 2006-cı ildə hərəkət tamamən dayandırılıb.

5. 1978-ci ilin 27 aprel Əfqanıstan dövlət çevrilişindən bir gün sonra – 28 apreldə prezident Məhəmməd Davud Xan güllələnərək öldürülüb.

6. 28 aprel 1989-cu ildə Bakıda Əhmədli və Xalqlar dostluğu metrostansiyaları istifadəyə verilib.

7. Türkiyə və xaricindəki diplomatlara qarşı təcavüzlərilə tanınan ASALA erməni terror təşkilatının qurucusu Akop Akopyan Yunanıstanın paytaxtı Afinada 1988-ci ilin 28 aprelində kimliyi məlum olmayan iki nəfər tərəfindən qətlə yetirilib.

8. Amerikalı mühəndis və milyonçu Dennis Tito 28 aprel 2001-ci ildə “Soyuz TM-32” missiyasında iştirak edərək öz puluyla fəzaya çıxan ilk kosmos turisti oldu.

9. Beynəlxalq Əmək Təşkilatının qərarı ilə 2003-cü ildən bütün dünyada 28 aprel Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.

28 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan nasiri, Xalq yazıçısı Qılman İlkin 28 aprel 1914-cü ildə anadan olub.

2. Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti Məhluqə Sadıqova 1917-ci ilin bu günündə dünyaya gəlib.

3. Azərbaycanın görkəmli tarzəni Hacı Məmmədov 1920-ci ilin bu günü dünyaya gəlib.

4. 1923-cü ilin 28 aprelində görkəmli Azərbaycan oftalmoloqu, akademik Zərifə Əliyeva anadan olub. Zərifə Əliyeva əsasən kimya və elektrotexnika istehsalı sahəsində çalışanların peşəsilə əlaqədar göz xəstəliklərinin öyrənilməsi, profilaktika və müalicə üsullarını tədqiq edib. (1923-1985)
5. Tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyev 1924-cü ilin bu günü dünyaya göz açıb.  

6. Azərbaycanın tanınmış dilçi alimi, türkoloq Zərifə Budaqova 1929-cu ilin 28 aprelində anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO