Parlament tribunasından bloger masasına KEÇİD – 76 yaşlı deputatın siyasi iddiasının PƏRDƏARXASI

Parlament tribunasından bloger masasına KEÇİD – 76 yaşlı deputatın siyasi iddiasının PƏRDƏARXASI

Hazırda oxunan: Parlament tribunasından bloger masasına KEÇİD – 76 yaşlı deputatın siyasi iddiasının PƏRDƏARXASI

132944

Ən asan iş tənqid etmək, kimlərisə haqlı-haqsız ittiham etməkdir. Çünki, tənqidi fikirlər ümumi söz yığınıdır. Onun arxasında heç bir əsas və dayanıqlıq yoxdur. Bəlkə də elə buna görə bir çoxları düşünmək yerinə, tənqid etməyi seçirlər. Rahat tənqidçilik isə bir çox hallarda sosial məsuliyyətsizlik yaradır.

Bəzi adamlar tənqid edəndə dedikləri cümlələrdən o qədər feyziyab olurlar ki, dayandıqları mövqeyin mahiyyətini belə unudurlar. 

Elə Vahid Əhmədov kimi. 

O, uzun illər parlamentdə təmsil olunur. Hər zaman da onun fikirlərini rahatlıqla ifadə etmək üçün qanunverici orqanda bütün imkanlar yaradılıb. Və Vahid Əhmədov da bundan zaman-zaman yararlanıb, tənqidi fikirlərini səsləndirib. Dediyi fikirlərə görə də ona “gözün üstə qaşın var” deyən olmayıb. Onun parlamentdən dediyi fikirləri də hər dəfə ən azı 100 minlərlə insan eşidib, dinləyib. Milli Məclisdə təmsil olunmadan öncə də Vahid Əhmədov bir sıra yüksək vəzifələrdə, hətta Baş nazirin müavini kimi çalışıb.

Yəni, qocaman deputatın nə təcrübəli siyasətçi olduğuna, nə də fikirlərini açıq ifadə etmək imkanının olmasına şübhə yeri yoxdur. 

Bəs, niyə Vahid Əhmədov ağsaqqal yaşında oturduğu parlamentin yüksək tribunasını birdən-birə hansısa blogerin “Youtube” kanalına dəyişdi? 

Təbii olaraq, bu davranışı Vahid Əhmədovu haqlı olaraq, həmkarlarının və cəmiyyətin qınaq hədəfinə çevirdi. 

Ümumilikdə isə, Vahid Əhmədov yeni ampluasında tənqidçidən daha çox siyasi iddiaçı kimi görünür. O son fikirlərində açıq-aydın anti-iqtidar cəbhəsi iddiasını ortaya qoyub. O sosial-iqtisadi sferanın ayrı-ayrı sahələrini deyil, bütövlükdə mövcud idarəetmə sistemini hədəfə alıb.

Bu isə artıq siyasi iddiadır. 

Vahid Əhmədovun ortaya siyasi iradə qoyduğunu da bir qədər qəbullanmaq olardı. Amma, onun “oturduğu budağı baltalaması” bizlərə bu qənaətə gəlmək imkanı vermir. Deputatın uzun illər lövbər saldığı parlamenti ittiham etməsi də heç cür anlaşılmır. Bununla o bəlkə də sadəlöhv publika qarşısında özünü “xilaskar” elan etmək istəyir. 

Təbii ki, bunlar ilk ağılagələn ehtimallardır.

Bildiyimizsə odur ki, Vahid Əhmədovun özü “süddən çıxmış ağ qaşıq” deyil. “Məmur, deputatın biznesi ola bilməz” deyən Vahid Əhmədov nədənsə qohumu, keçmiş müdafiə naziri Səfər Əbiyevlə birgə biznes qurmasını, vaxtilə Müdafiə Nazirliyinin bütün tenderlərində ona yaxın şirkətlərin “qalib” elan edilməsini unudur. Kim bilir bəlkə də həmin yağlı tikələr əlindən çıxdığı üçün Vahid Əhmədov bu qədər aqressiv olub. 

Hələ Azərbaycandan qazandığı milyonları gizli yollarla xaricə çıxarıb Çexiyada və digər Avropa ölkələrində biznes qurması ilə bağlı xəbərləri demirik.

İdarəetmə sistemini və hüquq-mühafizə orqanlarını topa tutan Vahid Əhmədov nədənsə oğlunun Qaradağ rayonunun prokuroru olduğunu unudur. Onun bu vəzifəyə atasının imkanları hesabına gəlməsi mövzusunda da, yəqin ki, əksəriyyət həmfikirdir. Əgər deputatın dedikləri həqiqətdirsə, onda gərək islahat Vahid Əhmədovun özündən və onun oğlundan başlanılsın.

Bu dövləti, mövcud idarəetmə sistemini qəbullana bilmirsə qoy, Vahid Əhmədov deputat mandatından, oğlu isə tutduğu yüksək postundan əl çəkib gedib otursun müxalifət düşərgəsində. Bəlkə onda danışığında bir qədər səmimiliyin olmasına kimlərsə inana. 

Yoxsa, “bir budaqda oturub min budağı” silkələmək Vahid Əhmədovun nə yaşına, nə də ki, statusuna uyğun gəlmir. Bəlkə də Vahid Əhmədovun niyyəti elə müxalifət düşərgəsinə qoşulmaqdır? 

Bu sualın cavabını isə zaman göstərəcək...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO