Fermerlər tələsir, rəsmi qurumlar isə yollar axtarır.
"Hazırda Samur çayında 26 kubmetr su var və biz, rusiyalı həmkarlarımızla razılaşdırıb suyun 20 kubmetrini alırıq. Rusiya tərəfində hələlik suvarma suyuna tam ehtiyac olmadığından bu qaydanın bir neçə gün davam edəcəyini düşünürük".
Bu sözləri Bizim.Media Şimal bölgəsində suvarma suyu çatışmazlığı ilə bağlı problemi ictimailəşdirəndən sonra Samur-Abşeron kanalının istismar idarəsinin rəisi Zakir Rüstəmov deyib.
MÖVZU İLƏ BAĞLI:
Oğuzun bu kəndində sakinlər su qıtlığı ilə üz-üzə qalıb - FOTO
Onun sözlərinə görə, Samur çayından götürülən su Samur-Abşeron kanalına və Xəzər dənizinə ötürülür.
Zakir Rüstəmov onu da bildirib ki, ötən həftə Xaçmazda Şimal bölgəsində suvarma suyunun çatışmaması problemi müvafiq qurumların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub və həlli yolları araşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir.
İdarə rəisi Zakir Rüstəmov fermerlərə suvarma suyunun əsasən mayın 5-dən sonra verilməli olduğunu deyib. Onun sözlərinə görə Samur çayının başlanğıcını götürdüyü dağlarda qarın əriməsi ilə mayın əvvəlindən çayda suyun səviyyəsinin artacağı istisna olunmur.
İdarə rəisi Şimal bölgəsi rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalının iri daşlardan təmizlənməməsinə də münasibət bildirib.
Qeyd edib ki, həmin daşlar su az olanda suyun səviyyəsini qaldırmaq üçün işçilər tərəfindən qoyulub.
Zakir Rüstəmov suvarma suyunun azlığından əziyyət çəkən fermerlərin problemini anladlğını və məsələnin həlli məqsədilə yollar axtarıldığını da vurğulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu