Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-nun mənzil-qərargahında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Nümayəndəlikdən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə NATO yanında akkreditə olunan diplomatik nümayəndəliklərin üzvləri tədbirdə iştirak ediblər.
Nümayəndəliyin başçısı Qaya Məmmədov Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti haqqında məlumat verdi.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılar Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər - FOTO
O, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş qırğının geniş miqyaslı etnik təmizləmə həyata keçirmək üçün düşünülmüş soyqırımı aktı olduğunu bildirib.
O, Vətən Müharibəsi nəticəsində Azərbaycan ordusunun işğal olmuş əraziləri azad etdiyini və bununla da regionda sülh və birgə yaşayış üçün imkanlar yarandığını qeyd edib.
Eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və müharibə cinayətlərinin günahkarlarının məsuliyyətə cəlb olunmasının sülhün bərqərar olunması üçün ön şərtlərdən olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi Basat Öztürk, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsini Azərbaycanın böyük uğuru və regionun rifahı üçün əlverişli imkan olduğunu ifadə edib.
B.Öztürk Türkiyənın Xocalı faciəsi və Vətən Müharibəsində həyatlarını itirənləri unutmayacağını, region ölkələrinin iştirakı ilə bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində səy göstərəcəklərini bildirib.
Tədbir iştirakçıları sonda Xocalıda həyatlarını itirmiş günahsız insanların əziz xatirəsini ehtiramla yad ediblər.
Bizim.Media