Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub.
Lakin Qazılar Şurasının fətvası cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki, 4-5 ailə üzvü olan şəxsin 50-70 manat fitrə zəkatının çıxartması çoxları üçün bir qədər imkansız kimi görünür.
Bəs, əslində fitrə zəkatı nəylə və necə müəyyən edilir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan imkanı olan hər kəsə fitrə zəkatı verməsinin vacib olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Adambaşına nə qədər fitrə zəkatı verilməlidir?
“İmkanı olmayan şəxslərə bu vacib deyil. Fitrə zəkatın miqdarı isə şəriət hökmünə görə 3 kiloqram ərzağın qiymətində nəzərdə tutulur. Ərzaqlardan isə bura arpa, buğda, qarabaşaq, kişmiş, xurma və digər məhsullar daxildir.
Ərzaqların sayının çox olması isə o deməkdir ki, insanların seçim imkanı olsun. Yəni Azərbaycanda xurma yox, arpa, buğda və yaxud qarabaşaq yetişdirilir. Ona görə də fitrə zəkatın miqdarı 3 kiloqram buğda, 3 kiloqram qarabaşaq dəyərində müəyyən edilməlidir.
Amma xurmanın qiyməti ilə fitrə zəkat çıxartmaq doğru deyil. Məsələn, zamanında Məhəmməd peyğəmbər bir çox hallarda fitrə zəkatını 3 kiloqram buğda qiyməti ilə çıxarıb. Bu da ilin iqtisadi çətinlikləri ilə bağlı olub. Onu da nəzərə alaq ki, xurma ölkəmizə xaricdən gətirilir. Və qiyməti kifayət qədər bahadır.
Lakin, buğda və qarabaşaq ölkəmizdə yetişdirilir. Ramazan ayında da insanlar ən çox bu məhsullardan istifadə edib. Bu minvalla 3 kiloqram buğdanın qiymətində fitrə zəkatı çıxarılmalıdır.
Bu da təxminən adam başına 3 manat edir. 10-15 manat fitrə zəkatı vermək fətvası doğru deyil. Kim nəylə daha çox qidalanırsa onun qiyməti ilə fitrə zəkatı çıxartmalıdır”.
İlahiyyatçı onu da qeyd edib ki, fitrə zəkatı Ramazan ayının sonuncu günü ayrılır və bayram namazına qədər imkansız insanlara verilir:
“Sonrakı günlərdə də vermək olar. Amma bayram namazından qabaq vermək daha məqsədəuyğundur ki, imkansız şəxslər də bayram edə bilsinlər”.
Surxay Atakişiyev, Bizim.Media