“Atam kəndin ətrafında keşik çəkməyə gedəndən sonra ermənilər sığındığımız mağaraya basqın edib içərini atəşə tutdular. Onda mənim 5, qardaşım Elmidarın 8 yaşı var idi. Qolumdan iki güllə yarası aldım. İnsanlar şəhid oldular. Sağ qalanları mağaranın ətrafına yığdılar. Yaram dəhşətli ağrı verirdi. Ermənilər heç kimin ağlamasına, fəryadına baxmırdı. Bizi söyüb təhqir edirdilər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında 5 yaşında erməni terrorçuları tərəfindən güllələnmiş Başlıbel sakini Şəhriyar Əmiralıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Başlıbel faciəsindən 30 il ÖTÜR
Faciənin ən azyaşlı şahidlərindən olan Şəhriyar deyir ki, emənilər bizi aparmaq üçün maşın çağırmışdılar. Maşın isə gecikirdi:
“Hamıya silahlı ermənilər nəzarət edirdilər. Atamgildən isə heç bir xəbər yox idi. Hava qaralanda anam məni qucağına alıb, qardaşımın da əlindən tutaraq özünü qayadan atdı. Mən çox sonralar anladım ki, anamın məqsədi ermənilərə əsir düşməmək olub. Qismət elə gətirdi ki, biz sağ qaldıq”.
Şəhriyarın anası Nərgiz xanımın bu şücaəti özünü və iki azyaşlı oğlunu xilas edir. Ancaq yenə də təhlükə sovuşmur:
“Anam bizimlə bərabər özünü qayadan atdıqdan sonra gizlənə-gizlənə ordan uzaqlaşdıq. Ermənilər bunu hiss etdilər və bizi axtarmağa başladılar. Havaya işıq saçan güllələr ataraq bizi axtarırdılar. Qismən təhlükəsiz hesab etdiyimiz əraziyə gəldik. Təxminən üç gün sonra atam və digər kəndlilərimiz gəlib bizi tapdılar”.
Qeyd etdiyimiz kimi, mağaranın yeri ermənilər tərəfindən aşkar edilən zaman Şəhriyarın atası Xasay Əmiralıyev və onun yoldaşları ərazini müşahidə etməyə çıxırlar. Faciə baş verdiyi anı isə gizləndikləri yerdən dəhşət içində izləyirlər. Əmiralıyevlər ailəsi 113 gün gizlənə-gizlənə, meşə və mağaralarda – təbiətin insan ayağı dəyməyən gizli yerləri ilə düşməndən qurtula bilirlər.
İndi Başlıbel də Kəlbəcər kimi azaddır. Artıq Kəlbəcərlilər öz dədə-baba yurdunu ziyarət edir, yarımçıq qalan arzularını davam etdirməyi planlaşdırırlar. Lakin o illərdən geriyə ermənilərin tariximizə qanla yazdığı faciələr, qətliamlar qalıb. Azərbaycan dövləti, onun ordusu isə qisası yalnız əlində silah olanlardan, cəbhədə, səngərdə aldı.
Şəhriyar deyir ki, kədərli günləri qan yaddaşmız da yaşatmaqla yanaşı gələcəyə də nikbin baxmalıyıq:
“Torpaqlarımızın azad edilməsi xəbəri bizə köçkünlük illərində yaşadığımız çətinlikləri unutdurdu. Ancaq xalqımıza, dövlətimizə qarşı törədilənləri unutmaq olmaz. Bütün bunlara rəğmən doğma yurdda məskən salıb yurdumuzun daha da surətlə inkişaf etməsinə biz də öz tövhəmizi verəcəyik” – deyə Şəhriyar Əmiralıyev bildirir.
Qeyd edək ki, Kəlbəcərin Başlıbel kəndində ermənilərin törətdiyi faciə nəticəsində 12 nəfər şəhid olub. Qalan insanlar isə əsir götürülüb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu